Macarıstanın Baş naziri Peter Madyar bildirib ki, onun hökuməti Avropa Komissiyasının Ukraynanı tərk etmiş hərbi yaşlı kişilərə müvəqqəti müdafiənin verilməməsi təklifini dəstəkləmir.
Bizimyol.info xəbər verir ki, o, bu barədə parlament debatları zamanı çıxış edib.
Müzakirələr Laszlo Toroczkainin rəhbərlik etdiyi “Mi Hazank” partiyasının sualı əsasında gündəmə gəlib. Toroczkai bildirib ki, yeni qaydalar Ukraynanın Zakarpatya bölgəsində yaşayan macar icmasına da təsir göstərə bilər.
Baş nazir qeyd edib ki, Macarıstan artıq rəsmi olaraq Avropa Komissiyasının təklifinə qarşı mövqe bildirib və bu mövqe Avropa İttifaqının Daxili İşlər Şurasında da açıqlanıb.
Onun sözlərinə görə, hətta Avropa qanunvericiliyində dəyişikliklər 2027-ci ilin martında qüvvəyə minsə belə, Macarıstan hərbi xidmətdən yayınmaq üçün ölkəyə gələn ukraynalılara sığınacaq verməyə davam edəcək.
Avropa Komissiyası (AK) isə 26 iyunda Ukrayna qaçqınları üçün müvəqqəti müdafiə rejiminin 2028-ci il 4 martadək uzadılmasını təklif edib. Sənəddə hərbi xidmətdən yayınaraq ölkəni tərk edən şəxslərlə bağlı istisna da nəzərdə tutulur.
Bu rejim 2022-ci ilin martından qüvvədədir və Ukrayna vətəndaşlarına Avropa İttifaqı ölkələrində yaşayış, iş, tibbi xidmət və sosial dəstək hüququ verir. Hazırkı müddət isə 2027-ci ilin martına qədər uzadılıb.
Bizimyol.info






