Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hərbi xidmətdən "təhsil möhləti" çətinləşdiriləcək
Hərbi xidmətdən "təhsil möhləti" çətinləşdiriləcək

Hərbi xidmətlə bağlı qanunvericilikdə yeni dəyişikliklər istisna edilmir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov bildirib ki, xaricdə təhsil adı ilə hərbi xidmətdən yayınma halları ciddi narahatlıq doğurur və bu sahədə korrupsiya riskləri yaradır.

Onun sözlərinə görə, təhsil möhləti yalnız qanunvericilikdə nəzərdə tutulan tələblərə tam cavab verən şəxslərə verilir. Mürsəl İbrahimov bəzi vətəndaşların formal təhsil arayışlarından istifadə etdiyini, buna görə qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac yarandığını vurğulayıb.

  • Təhsil möhlətlərindən hərbi xidmətdən yayınmaq üçün istifadə edilməsi ilə bağlı deyilənlər nə dərəcədə reallığı əks etdirir?

Hərbi ekspert, ehtiyyatda olan polkovnik Şair Ramaldanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bununla bağlı digər istiqamətlərdə olduğu kimi, bütün dünyada təkmilləşmə prosesi gedir. Ordularda da proseslər dəyişir, daha mürəkkəb hərbi texnika və silahlar istifadəyə verilir. Belə olduğu halda, əlbəttə ki, əvvəllər düşündüyümüz kimi, həqiqi hərbi xidmətin 1 il və ya 1 il yarım olması bu cür mürəkkəb, peşəkarlıq tələb edən texnikanın və silahların tam mənimsənilməsi üçün kifayət etməyə bilər. Bəzi hallarda isə bu yanaşma həmin texnika və silahların vaxtından əvvəl sıradan çıxmasına səbəb ola bilər: “Müasir texnika və silahlar əvvəlkilərlə müqayisədə daha çox vəsait tələb edir, bu məsələ üzərində ciddi düşünmək lazımdır.

Başqa bir tərəfdən, hər bir ölkənin bu sahədə öz yanaşması var. Azərbaycanda da hərbi xidmət və səfərbərliklə bağlı qanunvericilikdə müəyyən dəyişikliklər edilib və gələcəkdə də belə dəyişikliklərin aparılması istisna olunmur”.

Azərbaycan Ordusuna gəldikdə isə ekspert belə düşüünr ki, ordumuz peşəkar ordu prinsipi əsasında inkişaf edir.

Bu gün Azərbaycan Ordusunda mütəxəssislərin 70 faizdən çoxu müqavilə əsasında xidmət edir və əsas sahələr məhz peşəkar hərbçilər tərəfindən təmin olunur. Buna görə də həqiqi hərbi xidmət keçən çağırışçılar üçün əvvəlki qədər boş vəzifələrin qalmaması mümkündür.

Ali təhsillə bağlı məsələyə gəlincə isə, ekspert hesab edirəm ki, ali təhsil alanlarla bağlı məhdudiyyətlər tətbiq etməkdənsə, daha çox çağırış yaşına diqqət yetirmək məqsədəuyğun olar.

“Azərbaycan Ordusu Türkiyə modelinə keçid istiqamətində inkişaf edir. Bu proses Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin tapşırığına uyğun həyata keçirilir və hazırda yekun mərhələyə yaxınlaşır.

Çağırış məsələsində də qardaş Türkiyənin təcrübəsindən yararlanmaq olar. Türkiyədə həqiqi hərbi xidmətə çağırış 21 yaşdan başlayır, hərbi qeydiyyat isə 20 yaşdan aparılır. Gənclər məktəbi adətən 17 yaşında bitirirlər və ali təhsil dörd il davam edir, onlar təhsili başa vurduqdan sonra təxminən 21 yaşına çatırlar. Bu baxımdan, 21 yaşına qədər ali məktəbdə təhsil almaq istəyən gənclərə belə bir imkanın yaradılması müzakirə oluna bilər”- Şair Ramaldanov bildirib.

Onun sözlərinə görə, belə olan halda əlavə nəzarət mexanizmlərinə və başqa məhdudiyyətlərə də ehtiyac qalmaya bilər. Çünki bu gün təhsil əvvəlki kimi deyil.

Əyani, qiyabi, distant və digər yeni təhsil formaları mövcuddur. Rəqəmsal texnologiyaların inkişafı insanların müxtəlif formalarda təhsil almasına imkan yaradır. Təbii ki, diplomun verilməsi və peşəkarlığın qiymətləndirilməsi qanunvericiliyin müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilir.

“Başqa bir tərəfdən, təhsil formaları dəyişdikcə qanunvericilik də buna uyğun təkmilləşdirilməlidir. Azərbaycan gənclərinə dünyanın müxtəlif ölkələrində təhsil almaq imkanı yaradılıb və bu, dövlətin uğurlu siyasətinin nəticəsidir. Gənclər xaricdə bilik və təcrübə əldə edərək Azərbaycana qayıdır və qazandıqları təcrübəni ölkəmizdə tətbiq edirlər. Bu gün bunun nəticələrini müxtəlif sahələrdə görürük. Gənclərin dövlət idarəçiliyində və digər istiqamətlərdə daha fəal iştirak etməsi də məhz həmin bilik və təcrübənin nəticəsidir.

Buna görə də Azərbaycan çağırış və hərbi xidmət sahəsində də dünya təcrübəsindən istifadə edərək qanunvericiliyi təkmilləşdirir. Köhnə yanaşmalar və əvvəlki qanunvericilik mexanizmləri müasir təhsil imkanlarına və nəzarət sisteminə tam cavab verməyə bilər. Bu baxımdan aidiyyəti qurumlar tərəfindən yeni dəyişikliklərin hazırlanması təbii və zəruri addımdır”-deyə o bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »