Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran və ABŞ niyə razılığa gələ bilmir? – Güney Azərbaycanlı siyasi şərhçi Maşallah Rəzminin təhlili - Video
İran və ABŞ niyə razılığa gələ bilmir? – Güney Azərbaycanlı siyasi şərhçi Maşallah Rəzminin təhlili - Video

"İranla ABŞ arasında əsas problem etimad çatışmazlığıdır. Son dövrdə aparılan müzakirələr fonunda ABŞ-ın İrana iki dəfə hərbi zərbə endirməsi tərəflər arasında onsuz da zəif olan etimadı daha da sarsıdıb. Eyni zamanda Vaşinqtonun da İran İslam Respublikasına etibar etmədiyi açıq şəkildə görünür. Bu qarşılıqlı inamsızlıq danışıqlar prosesinə ciddi təsir göstərən amillərdən biri kimi qiymətləndirilir.

İranın əsas tələblərindən biri sanksiyaların ləğvi və xaricdə dondurulmuş maliyyə aktivlərinin ölkəyə qaytarılmasıdır. Lakin ABŞ, xüsusilə, Donald Tramp bu məsələyə müsbət yanaşmır.

Tramp dəfələrlə bildirib ki, Barak Obama administrasiyası dövründə İrana verilən vəsaitlər sonradan Tehranın bölgədəki proksi qüvvələrinin maliyyələşdirilməsinə sərf olunub.

Müzakirə olunan başqa mühüm məsələlərdən biri də Hörmüz boğazının statusudur. İran hesab edir ki, özünün boğaz üzərində nəzarət hüququ var; bu mövqeyindən geri çəkilmək niyyətində deyil".

Bu fikirləri Bizimyol.info xəbər portalına açıqlamasında Güney Azərbaycanlı siyasi şərhçi Maşallah Rəzmi səsləndirib.

Maşallah Rəzmi Maşallah Rəzmi

Şərhçinin sözlərinə görə, Türkiyə Bosfor boğazından keçən gəmilərdən ekoloji təhlükəsizlik, infrastrukturun saxlanılması və başqa xidmətlərə görə müəyyən ödənişlər aldığı kimi, İran da Hörmüz boğazında oxşar mexanizmin tətbiqini istəyir.

Maşallah Rəzmi hesab edir ki, İran müharibə nəticəsində itirdiyi təxminən 300 milyard dollarlıq zərərin kompensasiya olunmasını istəyir. Tehran bu vəsaitin dağıdılmış ərazilərin bərpasına yönəldilməsini tələb edir. ABŞ isə İranın yenidən qurulması üçün ərəb ölkələrinin maliyyə dəstəyi göstərməyə hazır olduğunu bildirir.

Şərhçinin fikrincə, prosesə təsir edən əsas amillərdən biri də hər iki ölkədəki daxili siyasi müqavimətdir. ABŞ-da bəzi senatorlar və Respublikaçılar Partiyasının üzvləri hesab edirlər ki, İrana həddindən artıq güzəştlər təklif olunur. İranda isə radikal siyasi dairələr Vaşinqtonla hər hansı danışıqların aparılmasına belə qarşı çıxırlar.

Maşallah Rəzminin videomüsahibəsini Bizimyol.info xəbər portalının rəsmi Youtube səhifəsində izləmək mümkündür.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »