Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp: Netanyahu ABŞ və İran arasında əldə olunacaq istənilən razılaşmanı qəbul etməli olacaq
Tramp: Netanyahu ABŞ və İran arasında əldə olunacaq istənilən razılaşmanı qəbul etməli olacaq

ABŞ Prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahunun Vaşinqton və Tehran arasında əldə ediləcək mümkün razılaşmaya qarşı çıxmaq imkanının olmadığını bildirib. Ağ Ev rəhbərinin sözlərinə görə, İranla bağlı yekun qərarları yalnız ABŞ administrasiyası verir.

Bizimyol.info xəbər verir ki, Tramp bu fikirləri Böyük Britaniyanın nüfuzlu “Financial Times” qəzetinə verdiyi telefon müsahibəsində səsləndirib. O, İsrail rəhbərliyinin ABŞ-ın xarici siyasət qərarlarına təsir imkanlarının məhdud olduğunu vurğulayıb.

“Onun başqa seçimi olmayacaq. Qərarları mən verirəm. Bütün qərarları mən qəbul edirəm. O qərar vermir”, — deyə ABŞ prezidenti bildirib.

Trampın açıqlaması Vaşinqton və Tehran arasında münasibətlərin yenidən gündəmə gəldiyi bir dövrdə diqqət çəkib. Son aylarda ABŞ və İran arasında nüvə proqramı, regional təhlükəsizlik və sanksiyalarla bağlı mümkün danışıqların perspektivi beynəlxalq müzakirələrin əsas mövzularından birinə çevrilib.

İsrail hökuməti isə uzun illərdir İranın nüvə proqramına qarşı sərt mövqe nümayiş etdirir. Baş nazir Benyamin Netanyahu dəfələrlə bildirib ki, Tehranla bağlanacaq və İsrailin təhlükəsizlik maraqlarını nəzərə almayan hər hansı razılaşma region üçün ciddi risk yarada bilər.

Trampın son bəyanatı ABŞ-İsrail münasibətlərində qərarvermə məsələsinə dair diqqətçəkən mesaj kimi qiymətləndirilir. Ekspertlərin fikrincə, Vaşinqtonun İranla mümkün razılaşma istiqamətində addımları Yaxın Şərqdə siyasi balans və təhlükəsizlik məsələlərinə birbaşa təsir göstərə bilər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »