Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyası bülletenlərin 742 min 857-si, yəni 50,31 faizi emal olunduqdan sonra səslərin 51,03 faizini qazanaraq seçkilərdə önə çıxıb.
Bizimyol.info xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı son məlumatda qeyd edilib.
İş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” bloku 23,18 faiz, sabiq prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” bloku isə 9,51 faiz səs toplayıb. İş adamı Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası isə 4,18 faiz nəticə göstərib. Seçkilərdə iştirak səviyyəsi 58,97 faiz olub.
Ermənistanda parlament seçkilərində səsvermə 7 iyun tarixində yerli vaxtla saat 20:00-da başa çatıb. MSK-nın məlumatına əsasən, seçici fəallığı 58,97 faiz təşkil edib. Xatırladaq ki, 20 iyun 2021-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində iştirak göstəricisi 49,41 faiz olmuşdu.
Parlamentə düşmək üçün partiyalar minimum 4 faiz, bloklar isə 8-10 faiz seçici səsi toplamalıdır. Seçkilərdə ümumilikdə 18 siyasi qüvvə — 16 partiya və 2 partiya bloku iştirak edib. Onların arasında Nikol Paşinyanın rəhbərlik etdiyi hakim “Vətəndaş Müqaviləsi” partiyası, Robert Koçaryanın rəhbərlik etdiyi müxalif “Ermənistan” bloku və Narek Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” bloku da yer alıb.
Bizimyol.info






