Prezident İlham Əliyev Milli Kibertəhlükəsizlik Agentliyinin yaranması ilə bağlı fərman verib. Qurum ölkədə kibertəhlükəsizliyin təmin edilməsi və informasiya sistemlərinin qorunması sahəsində əsas dövlət qurumlarından biridir. O, dövlət və özəl informasiya infrastrukturlarına qarşı kiberhücumların qarşısının alınması, insidentlərin araşdırılması və risklərin azaldılması istiqamətində fəaliyyət göstərir.
- Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldıqdan sonra ölkənin kiberhücumlara qarşı real müdafiə gücündə hansı ölçülə bilən dəyişikliklər gözlənilir və bu effektivlik necə qiymətləndiriləcək?
“Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İctimai Birliyinin sədri Elvin Abbasov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Milli Kibertəhlükəsizlik Agentliyinin (MKA) yaradılması ilə ölkənin kibermüdafiə sistemində reaktiv rejimdən, yəni insident baş verdikdən sonra reaksiya verməkdən preventiv analitikaya — təhdidləri öncədən təsbit edib zərərsizləşdirməyə keçid əsas götürülür. Bu transformasiyanın yaradacağı real dəyişikliklər kiberhücumların aşkarlanması və onlara qarşı cavab tədbirlərinin görülməsi müddətinin qısaldılması kimi konkret ölçülə bilən göstəricilərlə qiymətləndiriləcəkdir.
Elvin Abbasov qeyd edib ki, qurulacaq mərkəzi platformanın real vaxtda işləməsi, proaktiv təhdid ovçuluğu və qabaqlayıcı tədbirlər sayəsində informasiya infrastrukturu subyektlərinin məruz qaldığı uğurla həyata keçirilən kiberhücumların sayı, həmçinin bununla bağlı məlumat və maliyyə itkilərinin həcmi minimuma endiriləcəkdir. Ölkənin kibermüdafiə gücünün effektivliyi qlobal müstəvidə müvafiq beynəlxalq kibertəhlükəsizlik indekslərindəki mövqe dəyişiklikləri ilə də öz təsdiqini tapacaqdır.
“İqtisadi və ictimai etimadın qorunması, həmçinin geniş səlahiyyətlərin şəffaflıq prinsipləri ilə balanslaşdırılması Agentliyin hüquqi və idarəetmə arxitekturası ilə dəqiq tənzimlənir. Fərmanla Agentliyin səlahiyyət çərçivəsi müəyyən sərhədlərlə məhdudlaşdırılıb; belə ki, dövlət orqanlarına və kritik informasiya infrastrukturlarına münasibətdə MKA-nın funksiyası birbaşa müdaxilə deyil, yalnız məlumat mübadiləsi və aidiyyəti səlahiyyətli orqanlar vasitəsilə koordinasiya ilə məhdudlaşdırılmışdır. Bu yanaşma nəzarətin qanunsuz genişlənməsinin qarşısını alan əsas hüquqi baryerdir” – deyən Elvin Abbasov bildirib ki, eyni zamanda Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti fərdi qərarlarla deyil, kollegial idarə heyəti həyata keçirir və strukturun nizamnaməsinin təsdiqi, dəyişdirilməsi kimi strateji məsələlər birbaşa ölkə Prezidentinə məxsusdur. Dövlət büdcəsindən asılı olmayan və özünümaliyyələşdirmə modelinə əsaslanan bu publik hüquqi şəxs göstərdiyi xidmətlər hesabına maliyyələşdiyindən onun fəaliyyətinin səmərəliliyi həm də maliyyə auditləri və korporativ idarəetmə standartları ilə şəffaf şəkildə izləniləcəkdir.
Dövlət aparatında və kiberməkanda qurumlararası funksional kəsişmələrin və səlahiyyət toqquşmalarının qarşısının alınması üçün xüsusi institusional bölgü tətbiq edilmişdir.
Elvin Abbasovun fikrincə, səlahiyyət toqquşmasını istisna edən ən rasional məqam — MKA-nın preventiv və tənzimləyici funksiyalarının ali kateqoriya dövlət orqanlarına, mühafizə olunan şəxslərə, qorunan və strateji obyektlərə, habelə kritik informasiya infrastrukturlarına şamil edilməməsidir. Bu sahələrdə təhlükəsizlik aidiyyəti üzrə digər xüsusi xidmət orqanlarının birbaşa səlahiyyətində qalır. Agentlik isə yalnız əlaqələndirici və metodiki dəstəkverici subyekt kimi çıxış edir. Qurum digər strukturların yerini almaq deyil, dövlət qurumları, maliyyə-bank sektoru, internet provayderləri və operatorlar arasında dağınıqlığı aradan qaldırmaq üçün vahid koordinasiya mərkəzi funksiyasını yerinə yetirir.
“Vətəndaş müstəvisində isə fərdi məlumatların və rəqəmsal hüquqların qorunması mexanizmi əsas götürülür. Fərdi məlumatların qanunsuz toplanması və işlənilməsi, həmçinin internet informasiya ehtiyatlarında yayılması qadağan olunan informasiyalara qarşı tədbirlərin rəsmi olaraq bu Agentliyə həvalə edilməsi, əvvəllər fərqli strukturlar arasında fraqmentar şəkildə bölünmüş nəzarət mexanizmlərini vahid bir hüquqi varisdə birləşdirir və sahə üzrə tənzimləmə xaosunu aradan qaldırır” – deyən Elvin Abbasov vurğulayıb ki, transmilli kiberhücumlarla mübarizədə xarici tərəfdaşlarla qurulacaq beynəlxalq əməkdaşlıq isə Azərbaycanın qlobal arenada rəqəmsal çəkisini tənzimləyəcəkdir. Bu transformasiyanın real nəticələri və effektivliyi isə qurulacaq infrastrukturun yaxın dövrdə nə dərəcədə çevik işləyəcəyindən asılı olacaq.
İradə Cəlil, Bizimyol.info
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.
İstiqamət: 6.3.13. informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi






