Ararat Mirzoyan seçkiqabağı debatda Azərbaycanla sülh sazişi üzrə razılaşdırılmış və paraflanmış sənədin imzalanmasının mümkün olduğunu bildirib.
O qeyd edib ki, sənəd qarşılıqlı olaraq sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü və siyasi müstəqilliyin tanınmasını nəzərdə tutur.
Nazirin sözlərinə görə, razılaşdırılmış müddəaların dəyişdirilməsi Ermənistanı yenidən münaqişə mərhələsinə qaytara bilər.
Milli Məclisin deputatı Hikmət Babaoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, seçki təbliğat kampaniyası zamanı Paşinyan komandasının üzvü və xarici işlər naziri Ararat Mirzoyan tərəfindən səsləndirilən fikirlər hazırkı Ermənistan–Azərbaycan münasibətlərindəki real vəziyyətin həm də seçki elektoratının diqqətinə çatdırılmasıdır. Bu, eyni zamanda, əslində seçkidən sonra Vətəndaş Müqaviləsi Partiyasının qələbəsi olarsa, bir növ seçkidən sonrakı referendumun hazırlanması kimi də qiymətləndirilə bilər.
“Bu siyasi mövqedə müəyyən praqmatik yanaşma var. Ararat Mirzoyan bildirir ki, əgər paraflanmış sənədin müddəaları dəyişdirilərsə, bu, yenidən Ermənistan–Azərbaycan münasibətlərinin gərginləşməsinə səbəb ola bilər. Bu, doğrudur. Hazırda Ermənistan ictimai rəyində mümkün sülhlə bağlı paraflanmış sənədlə bağlı obyektiv təsəvvürlərin yaranması gələcəkdə imzalanması nəzərdə tutulan sülh sazişinə ictimai dəstəyin təmin olunmasına da xidmət edə bilər”-deyə deputat bildirib ki, bu fikirlər həm də ictimai etimadın qazanılmasına, sülhə ictimai dəstəyin formalaşmasına xidmət edir. Ancaq bütün bunlarla bərabər, şübhəsiz ki, paraflanmış sənəddə və əldə edilmiş razılaşmada bütün müddəalar öz əksini tapmalıdır. O cümlədən Azərbaycanın tələb etdiyi, Ermənistan tərəfindən Azərbaycana qarşı irəli sürülən ərazi iddiaları da mütləq şəkildə Ermənistan Konstitusiyasından çıxarılmalıdır.
Deputat hesab edir ki, əslində ayın 7-də keçiriləcək seçkilərin nəticəsi həm də sülhün olub-olmayacağını müəyyən edəcək. Əgər sülhü arzu edənlər hakimiyyətdə qalarsa və bu kurs davam etdirilərsə, biz sülhə bir qədər daha yaxınlaşmış olacağıq. Əgər radikal qanad siyasi dəstək alsa, sülhdən uzaqlaşmış olacağıq.
“Ermənistanda siyasi şüur və seçici təfəkkürü də kifayət qədər obyektivdir. Onlar baş verənləri qiymətləndirməyi bacarır və sülhün nə qədər vacib olduğunu anlayırlar. Ona görə də ümid etmək olar ki, seçkilərdən sonra daha konstruktiv bir nəticə formalaşacaq” – deyə deputat bildirib.
İradə Cəlil, Bizimyol.info






