Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və müasir tədris klinikasının açılışı 12 iyun 2026-cı il tarixində baş tutacaq. Bu açılış Azərbaycanda baytarlıq təhsilinin inkişafı və tələbələrin nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlarının artırılması baxımından mühüm hadisə hesab olunur. Yeni tədris infrastrukturu tələbələrə elmi-tədqiqat fəaliyyətində iştirak etmək və beynəlxalq standartlara uyğun klinik təcrübə qazanmaq imkanı yaradacaq. Tədris klinikası həmçinin heyvanların sağlamlığı sahəsində yüksək səviyyəli xidmətlərin göstərilməsinə imkan yaradacaq.
- Yeni tədris binası və klinika tələbələrə necə fayda verəcək və fakültənin gələcək planları nələrdir?
Bu barədə Bizimyol.info xəbər portalına danışan Hasvet Baytarlıq Fakültəsinin dekanı, Çiçək Süleymanova bildirib ki, klinik baza tələbələrə diaqnostik və müalicə proseslərini daha yaxından öyrənmək imkanı verəcək: “Yeni tədris binası və klinikanın istifadəyə verilməsi tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla inteqrasiya etməsinə əhəmiyyətli dərəcədə şərait yaradacaqdır. Müasir avadanlıqlarla təchiz olunmuş klinik baza tələbələrə real klinik hallarla işləmək, diaqnostik və müalicə proseslərini daha yaxından öyrənmək imkanı verəcək”.
Çiçək Süleymanova əlavə edib: “Fakültənin gələcək inkişaf planlarında əsas prioritetlərdən biri tədrisin keyfiyyətinin yüksəldilməsi, praktiki təlimlərin genişləndirilməsi və beynəlxalq standartlara uyğun tədris mühitinin formalaşdırılmasıdır. Bununla yanaşı, elmi-tədqiqat fəaliyyətlərinin gücləndirilməsi və beynəlxalq əməkdaşlıqların genişləndirilməsi də strateji istiqamətlər kimi müəyyən edilmişdir”.
Günel Həsənova, Bizimyol.info






