Avropa Parlamentinin üzvü Fernan Kartheiser Ermənistanın 2030-cu ilə qədər Avropa İttifaqına üzvlüyünün az ehtimal olunduğunu bildirib. O, Aİ ilə Ermənistan arasında münasibətlərin inkişaf etdiyini, lakin üzvlük prosesinin hələ də nəzəri səviyyədə qaldığını vurğulayıb. Deputat Ermənistanın coğrafi mövqeyi və regional münasibətlərinin bu prosesi çətinləşdirdiyini qeyd edib. Buna baxmayaraq, Avropa İttifaqı ilə əməkdaşlığın daha da dərinləşdiyi bildirilir.
- Ermənistanın Aİ-yə üzvlüyünü ən çox çətinləşdirən amil hansıdır?
Politoloq Şəhla Cəlilzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistanın Aİ üzvü olması siyasi iddialarla deyil, geosiyasi vəziyyətlə təsbit oluna bilər. Başqa sözlə, Paşinyan xüsusilə seçki dövründə ona əlavə dividend qazandıran Avrointeqrasiya prosesini başlatsa da, hazırkı vəziyyətdə bu, mümkün deyil. Burada bir neçə amil var: “Birincisi, Aİ-nin Ermənistandan əvvəl üzvlüyə qəbul edəcəyi başqa namizədlər var ki, burada ilk növbədə Ukraynanın adını çəkmək lazımdır. Rusiya ilə Ukrayna arasında müharibə yekunlaşmadan müvafiq proses reallaşmaz. Odur ki, bu, müəyyən vaxt aparacaq. Həm də müharibənin nəticəsindən asılı olaraq digər post-sovet ölkələri üçün ya Aİ üzvlüyünə yol açılacaq, ya da əksinə, proses uzun müddətə təxirə salınacaq. Həm də Türkiyə Aİ-yə üzv olmadan Ermənistanın üzvlüyü real deyil, çünki Aİ üzvlüyü siyasi uyğunluq deməkdirsə, Şengen zonası birbaşa əlaqə və açıq sərhədlər deməkdir.
İkinci məqam Ermənistan–Rusiya münasibətləri ilə bağlıdır. Ermənistan hazırda Rusiya ilə münasibətlərini Qərbin hesabına balanslaşdırır. Rusiyadan tam qopmaq Ermənistan üçün hərbi-siyasi və iqtisadi təhdidlər yarada bilər. Bunu Rusiya rəsmiləri də açıq şəkildə bəyan edirlər”.
Politoloq bildirib ki, Paşinyan Avrointeqrasiyanı ilk mərhələdə Aİ-yə üzv olmadan onunla iqtisadi münasibətləri dərinləşdirməklə həyata keçirməyi planlaşdırır. Bu mənada Kartheiserin sözləri həqiqəti əks etdirir.
İradə Cəlil, Bizimyol.info






