Facebook sosial şəbəkəsində yayılan videogörüntüdə Səməd Vurğun küçəsində binanın fasad örtüyü qoparaq avtomobillərin üzərinə düşüb. Nəticədə avtomobillərin şüşələri sınıb və zərər dəyib.
- Belə olan halda zərərçəkmişə dəyən zərərə görə kim məsuliyyət daşıyır?
Dəyən zərər necə ödənməlidir?
Bu barədə Bizimyol.info xəbər portalına danışan hüquqşünas Elnur Məmmədov bildirib ki, məsuliyyətin yaranması üçün zərərçəkənin də sübut etməli olduğu hallar mövcuddur: “Güclü külək nəticəsində binanın fasad örtüyünün qoparaq avtomobilin üzərinə düşməsi halında məsuliyyət məsələsi avtomatik olaraq "təbiət hadisəsi" kimi qiymətləndirilməməlidir. Burada əsas məsələ binanın sahibinin və ya idarəedici qurumunun öz öhdəliklərini lazımi qaydada yerinə yetirib-yetirməməsinin araşdırılmasıdır.
Mülki hüququn ümumi prinsiplərindən yanaşsaq, əgər binanın fasad elementlərinin təhlükəsiz vəziyyətdə saxlanılması təmin edilməyibsə, texniki baxışlar aparılmayıbsa və ya mövcud qüsurlar vaxtında aradan qaldırılmayıbsa, avtomobilə dəymiş zərərə görə binanın mülkiyyətçisi, idarəedici şirkəti və ya məsul istismar təşkilatı cavabdeh ola bilər.
Lakin məsuliyyətin yaranması üçün zərərçəkənin də sübut etməli olduğu hallar mövcuddur. Belə ki, avtomobilə faktiki zərər dəyməsi, zərərin məhz binadan qopan fasad elementi nəticəsində baş verməsi, binaya cavabdeh şəxsin və ya təşkilatın səhlənkarlığı və ya lazımi nəzarəti həyata keçirməməsi, həmin səhlənkarlıq ilə yaranmış zərər arasında səbəbli əlaqə zərərçəkmişin sübut etməli olduğu hallardır.
Əgər qarşı tərəf sübut edə bilsə ki, hadisə qarşısıalınmaz qüvvənin (fors-major) nəticəsidir və hətta bütün təhlükəsizlik tədbirləri görülsə belə bu hadisənin qarşısını almaq mümkün olmayacaqdı, o zaman məsuliyyətdən azad oluna bilər. Məsələn, meteoroloji xidmət tərəfindən qeydə alınmış fövqəladə güclü qasırğa və ya rekord külək sürəti və s”.
Elnur Məmmədov həmçinin əlavə edib: “Baş vermiş hadisə mülki məsələ olduğu üçün bu işlərə yerli məhkəmələrdə baxılır. Məhkəməyə bununla bağlı sübut qismində polis və ya digər aidiyyəti qurum tərəfindən tərtib edilmiş hadisə aktı, foto və video materiallar, hidrometeoroloji məlumatlar, binanın texniki vəziyyətinə dair sənədlər, ekspert rəyləri təqdim edilə bilər.
Sadalanan hallardan heç birini sübut etmək mümkün olmazsa, o zaman təəssüf ki zərərin qarşılanması elə zərərçəkənin öz üzərinə düşəcək. Yalnız bir istisna hal var ki, o da avtomobilin kasko sığortasıdır. Əgər kasko sığorta olarsa, hətta qeyd etdiyim halları sübut etmək mümkün olduğu halda belə vətəndaş sığorta şirkətinə müraciət edə bilər. Belə olan halda, sığorta şirkəti vətəndaşa dəymiş zərəri qarşılayacaq və sonra çəkdiyi xərci də zərərvuran şəxsdən tələb edəvək. Lakin təəssüf ki, kasko sığorta Azərbaycanda elə də geniş tətbiq olunmadığından, belə hallarda vətəndaş aidiyyəti qurumların qarşısında qalır”.
Günel Həsənova, Bizimyol.info






