Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avtomobil bazarı “doyub”: İdxal və satış kəskin azalıb
Avtomobil bazarı “doyub”: İdxal və satış kəskin azalıb

Son illər müşahidə edilən tendensiyalardan biri ölkədə avtomobillərin sayının sürətlə artması idi. Bakıda və Abşeron yarımadasında böyük tıxacların yaranması da say artımının nəticəsi olaraq qiymətləndirilirdi. Amma ilin əvvəlindən bu sahədə durğunluq yaşanır. Ölkənin avtomobil bazarı “doyub”. İdxal və satış səviyyəsi çox aşağı düşüb.

Bizimyol.info xəbər verir ki, 2026-cı ilin yanvar-aprel aylarında ölkəyə cəmi 18,3 min minik avtomobili gətirilib. Halbuki ayrı-ayrı dövrlərdə hətta bir ay ərzində bundan daha böyük idxal göstəricisi qeydə alınırdı. Aylar keçdikcə rəqəmlər də kiçilməyə başlayıb. İlin ilk iki ayı ərzində ölkəyə təxminən 10 min minik avtomobili gətirilmişdi. Göstəricilər ölkədə maşın parkının çox yükləndiyinə işarə vurur.

Əvvəlki illərlə də müqayisə aparsaq, aşkar azalmanı görərik. Keçən ilin ilk dörd ayı ərzində idxal olunan minik avtomobillərinin sayı 31 minə yaxın çox idi. İndi 41 faiz azalmadan danışmalı oluruq.

Avtomobil bazarındakı durğunluğun bir neçə səbəbi var. Hər şeydən əvvəl unutmamalıyıq ki, keçən ilin sonlarında ölkəyə xeyli maşın gətirilmişdi. Qanunvericilikdə dəyişiklik gözlənilirdi deyə, bu sahə ilə məşğul olan sahibkarlar fəallıq göstərmişdi. Hibrid avtomobillərinə tətbiq olunan güzəştlər yanvarın 1-dən dayandırılacaqdı. Yeni rüsumlar qüvvəyə minəcəkdi. Buna görə bazar uyğun variantlarda dolduruldu.

Üstəlik, taksi parklarına qoyulan limit öz işini gördü. Avtomobil satışı çox axsayır. Bazarda bu işlə məşğul olanlar çox çətin vəziyyət yarandığını bildirirlər. Keçən ilin sonlarında alverin yüksək həddə olduğunu xatırlayırlar.

Yaşı 10 ildən çox avtomobillərin idxalının qadağan olunması da fəallığı azaldır. Yaşı 7 ildən çox olan dizel və benzin mühərrikli avtomobillərin aksiz vergisi də artırılıb. Yəni yeni qaydalar say azalmasına xidmət edir.

Avtomobil bazarının kütləvi idxala daha ehtiyacı yoxdur. Əksinə, sahibkarlar əlindəki nümunələri satmağın dərdini çəkirlər. Bundan sonra rəqəmlərin bir az da kiçiləcəyi gözlənilir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »