ABŞ Prezidenti Donald Tramp vitse-prezident Ceyms Devid Vensin özündən sonra ölkəyə rəhbərlik etmək üçün ən uyğun namizəd olub-olmadığına dair şübhələrinin olduğunu düşünür.
Bizimyol.info xəbər verir ki, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, Tramp müşavirləri ilə söhbətlərində tez-tez Vensin prezident seçkilərində sonadək uğurla mübarizə apara bilib-bilməyəcəyini sual edir. Nəşrin yazdığına görə, ABŞ lideri adətən bu suala özü cavab verərək buna tam əmin olmadığını bildirir.
"The New York Times" qeyd edir ki, Tramp qapalı müzakirələrdə Vensin siyasi nailiyyətlərini öz uğurları ilə müqayisə edir. O, dəfələrlə vurğulayıb ki, Vens çətin seçkilərdə yalnız onun dəstəyi sayəsində qələbə qazana bilib. Tramp, həmçinin vitse-prezidentin məzuniyyətdə keçirdiyi günlərin sayına da diqqət çəkib. Qəzetin məlumatına görə, Tramp özü adətən məzuniyyət götürmür.
ABŞ Prezidenti Vensin ABŞ-ın İrana qarşı hərbi əməliyyat keçirməsinə etiraz etməsini də bir neçə dəfə xatırladıb.
Bununla belə, qəzet yazır ki, Vens “Make America Great Again” (MAGA – “Amerikanı yenidən möhtəşəm edək”) hərəkatının tərəfdarları arasında kifayət qədər populyardır. Lakin onun 2028-ci il prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi olmaq şansını qoruması üçün həm Trampla yaxşı münasibətləri saxlaması, həm də partiya daxilindəki müxtəlif qrupların dəstəyini qazanması vacibdir.
Xatırladaq ki, Tramp bundan əvvəl Ceyms Devid Vensi və dövlət katibi Marko Rubionu prezidentlik müddəti başa çatdıqdan sonra ölkəyə rəhbərlik edə biləcək ideal namizədlər adlandırmışdı. Bununla belə, o, hər iki siyasətçini hansı vəzifədə gördüyünü açıqlamamışdı.
Bizimyol.info






