Henk Ovink Bakıda keçirilən World Urban Forum çərçivəsində şəhərləşmə və su məsələlərinin bir-biri ilə sıx bağlı olduğunu vurğulayıb.
Qlobal Su İqtisadiyyatı Komissiyasının icraçı direktoru olan Henk Ovink bildirib ki, o, Bakıya Madriddə keçirilən su sammitindən gəlib və forumda əsas məqsədi su məsələlərinin urban gündəmdə daha güclü yer almasına nail olmaqdır.
“Bu il yalnız Bakıda keçirilən Dünya Şəhərsalma Forumu ilə yadda qalmır. Eyni zamanda səhralaşma, biomüxtəliflik və iqlimlə bağlı üç Rio COP-u keçirilir. İlin sonunda isə Əbu-Dabidə BMT-nin Su Konfransı baş tutacaq. Şəhərləşmə, şəhərlər və su bir-biri ilə kritik şəkildə bağlıdır”, – deyə o bildirib.
Onun sözlərinə görə, şəhərlər quraqlıq, çirklənmə və daşqın kimi problemlərlə üz-üzədir və su məsələsi urban inkişafın mərkəzində dayanmalıdır:
“Bizə sağlamlıq, sanitariya, yaşayış və ətraf mühit üçün su lazımdır. Şəhərlər üçün su gündəliyi əsas prioritetlərdən biri olmalıdır”.
Henk Ovink Azərbaycanın paytaxtı barədə də müsbət fikirlərini bölüşüb. O qeyd edib ki, bu, onun Bakıya ikinci səfəridir:
“İlk dəfə COP zamanı Bakıda olmuşdum. Burada inanılmaz qonaqpərvərlik və gözəl mühit var”.
O əlavə edib ki, Bakı şəhərinin su ilə əlaqəsi xüsusi diqqət çəkir:
“Şəhər üzünü suya çevirir və bu potensialı qucaqlayır. Bu, urbanizasiya ilə ətraf mühitin su vasitəsilə necə birləşdiyini göstərir”.
Niderlandlı ekspert Bakının memarlığı ilə bağlı təəssüratlarını da bölüşüb. O bildirib ki, ailəsində bir neçə nəsil memar olduğu üçün memarlığa xüsusi maraq göstərir:
“Atam, babam və ulu babam memar olublar. Buna görə memarlığa xüsusi diqqət yetirirəm. Bakı həqiqətən təsiredicidir”.
Onun fikrincə, şəhərdə dizayn və urban inkişaf arasında güclü əlaqə görünür:
“Burada dizaynın və dizayn potensialının urbanizasiya və ictimai məkanlar üçün nə qədər vacib olduğu hiss olunur. Dizayn yalnız görünüş deyil, həm də sosial, ekoloji və iqtisadi çağırışları birləşdirən yanaşmadır”.
Henk Ovink vurğulayıb ki, Bakı şəhərinin inkişafında dizayn düşüncəsi mühüm rol oynayır:
“Bakı göstərir ki, dizayn potensialı şəhərin inkişaf prosesinin ayrılmaz hissəsidir”.
Leyla Mirzə, Bizimyol.info






