Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Trampın İrana “2 günlük mesajı”: nə gözlənilir?
Trampın İrana “2 günlük mesajı”: nə gözlənilir?

ABŞ–İran münasibətlərində artan gərginlik regionda təhlükəsizlik risklərini yenidən gündəmə gətirir. Vaşinqton Tehranın nüvə proqramı ilə bağlı daha sərt mövqe nümayiş etdirərkən, İran da təzyiqlərə qarşı müqavimət göstərəcəyini bildirir. Bu vəziyyət diplomatik həll imkanları ilə yanaşı, hərbi eskalasiya ehtimalını da aktuallaşdırır.

  • Bu gərginlik yeni nüvə sazişinə aparan yol olacaq, yoxsa regionu daha böyük qarşıdurmaya sürükləyəcək?

Politoloq Əli Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ–İran arasında müharibə dayandırılsa da tərəflərin ortaq məxrəcə gələ bilməməsi, Hörmüz boğazının bağlanması və Oman körfəzində tətbiq edilən blokada hərbi əməliyyatların hər an başlama riskini artırır. Onun sözlərinə görə, faktiki olaraq Tehran–Vaşinqton arasında əsas məsələlərlə bağlı razılaşmalar hələ ki mümkün görünmür.

“İran uranın zənginləşdirilməsindən, raket texnologiyasının təkmilləşdirilməsindən və sanksiyaların aradan qaldırılması şərtlərindən imtina etmir. Üstəlik, Hörmüz boğazında suverenlik və müharibə zamanı dəymiş zərərin kompensasiya edilməsini tələb edir. Ağ Ev isə bunları rədd edir. Qarşılıqlı inkar və rədd cavabları danışıqlar prosesini dalana dirəyir, kompromis axtarışlarını çətinləşdirir. Müharibənin başlaması isə problemləri həll etməyəcək, əksinə, onu daha da ağırlaşdıracaq. ABŞ-ın Körfəzdəki müttəfiqləri də müharibəyə həssas və ehtiyatla yanaşır, yeni dağıntılardan və itkilərdən çəkinirlər. Ağ Evin NATO müttəfiqlərini də Tramp müharibəyə cəlb edə bilmədi. Çinə səfərində də Pekinin razılığını ala bilmədi. İran da, ABŞ da indiki status-kvodan məmnun deyil və prosesin uzanması böyük maliyyə və iqtisadi itkilərə səbəb olur”, – deyə politoloq bildirib.

Onun sözlərinə görə, Tramp komandasının da İranla bağlı aydın və yekdil mövqeyi yoxdur. Ağ Ev rəhbərinə müharibə əleyhinə daxili təzyiqlər də artmaqdadır. Buna görə də tərəddüdlərin uzanması Tramp üçün də mənfi nəticələr doğurur.

Politoloq qeyd edib ki, İran–ABŞ arasında danışıqları çətinləşdirən faktorlardan biri də sərt ritorika, hədə və şantaj üslubudur. Hazırda psixoloji və əsəb müharibəsinin getdiyini söyləmək olar.

“Tramp İrana 2 gün vaxt verib. Lakin bunun növbəti xəbərdarlıq mahiyyəti daşıyıb-daşımayacağı yaxın günlərdə aydınlaşacaq. Fikrimcə, genişmiqyaslı müharibə və quru əməliyyatı gözlənilmir, lakin hədəfli hava zərbələrinin endirilməsi ehtimalı var. Tramp müharibədən uduşla çıxmasa, bu həm onun, həm də ölkəsinin imicinə mənfi təsir göstərəcək”, – deyə politoloq bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »