Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhərsalma Forumu: Azərbaycan necə fərq yaratdı?
Şəhərsalma Forumu: Azərbaycan necə fərq yaratdı?

Əvvəlki yazılarımdan birində məşhur fransız yazıçısı Bernar Verberdən bir iqtibas gətirmişdim. O yazırdı ki, dünya tarixi əslində "daha çox şəhərlərin tarixidir" .

Ta qədimdən üzübəri tarixi memarlıq abidələri, o cümlədən, müdafiə qalaları şəhər mədəniyyətinin və təhlükəsizlik strategiyasının mühüm elementləri olub. Şəhər tarixi qədimliklə çağdaş yaşam kültürünü bir arada tutan memarlıq fenomenidir. Elə uzağa getməyək: Bakı bunun ən bariz örnəyidir. Həm də təkcə Bakı deyil.

Bilirsiniz, dünyada ən qədim yaşayış məskənlərindən biri Azərbaycandadır. Azıx mağarasından çıxıb geniş coğrafiyalara yayılmış insan toplumları təkcə kiçik yaşayış məntəqələri deyil, öz dövrünə görə böyük şəhərlər də saldı. Bu şəhərlər zamanla böyüdü, mədəniyyət, elm, sənaye, ticarət mərkəzlərinə, nəqliyyat qovşaqlarına çevrildilər. Bir çoxları hətta mühüm siyasi mərkəz - müxtəlif zamanlarda paytyaxt rolunu da oynadılar.

Prezident İlham Əliyev WUF13-ün açılışındakı çıxışında bu nüansları geniş təhlil edib. Dövlət başçısı Bakı ilə yanaşı Şamaxı, Naxçıvan, Gəncə, Şəki, Şuşa şəhərlərinin də adlarını çəkib və bu, heç də təsadüfi deyil. Çünki bu şəhərlər Bakıdan kiçik olsalar belə, onlar da qədimliklə moderni özlərində cəmləşdirə biliblər. Bu və bir sıra başqa şəhərlər özlərində həm rahat həyat şərtlərini, həm tarixiliyi, həm də çağdaş inkişaf trendlərini birləşdirə bilir.

Bu günlərdə Azərbaycanda, Bakı şəhərində Ümumdünya Şəhərsalma Forumu uğurla keçirilir. "Uğur" ifadəsini niyə işlədirik?!

Bu, təkcə Forumun öz uğuru deyil, bütövlükdə dünyanın, o cümlədən, təbii ki, Azərbaycanın mühüm uğurudur.

Əvvəla, ordan başlayaq: Prezident İlham Əliyevin də açılış nitqində dediyi kimi, Forum Bakıda rekord nəticə əldə etdi: 182 ölkədən olan 45 mindən çox iştirakçı qeydiyyatdan keçib. 182 ölkə əslində bütün dünyadır; bütün regionlar əhatə olunub. Bu, sadəcə, quru statistika deyil, canlı dinamikadır. İnsanlar, insan canatımı deməkdir.

Deməl, bu qədər insan indiki Foruma daha çox maraq göstəriblər. Bu, həm də Forumun keçirildiyi ölkəyə, onun şəhərlərinə maraq deməkdir.

Prezient İlham Əliyevin mayın 18-də "Euronews" kanalına müsahibəsində də bu məqama toxunulur və Foruma, Azərbaycana göstərilən marağın daxili mahiyyəti açılır.

Ölkə Prezidenti deyir: "Bu, Azərbaycana göstərilən hörmətin bariz nümunəsidir.... mövzunun nə qədər mühüm olduğunu, həm də ev sahibi ölkənin geniş beynəlxalq əlaqələrə malik olduğunu nümayiş etdirir".

Təbii ki, dünyanın dörd bir yanından insanları bu nəhəng beynəlxalq tədbirə çəkib gətirən başqa faktorlar da var. Bu faktorlardan biri, əlbəttə, dediyim kimi, Azərbaycanın özünün zəngin şəhər mədəniyyəti, şəhərsalma təcrübəsidir. Ölkədə belə bir zəngin irs (həm tarixi maddi yaddaş, həm çağdaş memarlıq həlləri) olmasaydı, Bakı, Azərbaycan dünya üçün bu qədər maraqlı olmazdı. Elə deyilmi?!

Bundan başqa müsəlman şərqində belə bir ölkənin həm öz ənənələrinə sədaqəti, həm də yeni çağa uyğunlaşmaq, yeni inkişaf modelləri ilə ayaqlaşmaq məharəti xüsusi maraq doğurmalı idi. Üstəlik bu ölkə müasir şəhər mədəniyyəti baxımından öz modellərini də dünyaya təklif edə bilir.

Bütün dünyada bir çox insanları, hətta bir çox mərkəzləri belə qorxudan urbanizasiya prosesi Azərbaycanda tamamilə yeni, fərqli, pozitiv bir çalar alır, yeni mərhələyə keçir.

Doğrudur, hər şeyin ideal olduğu da iddia edilmir. Hətta prezident İlham Əliyev Forumun açılışında bu haqda da özünə xas təbii səmimiyyətlə deyib: "Şəhərsalma prosesində çox səhvlər olub və düşünürəm ki, həmin dövr artıq keçmişdə qaldı".

Azərbaycan üçün keçmiş təcrübə (bütün müsbət tərəfləri, neqativ momentləri ilə birlikdə) inkişaf üçün mühüm amildir. Təkcə doğruları görüb-götürmək bacarığı deyil, keçmişdəki yanlışlardan da dərs çıxarmaq müdrikliyi güclü insani xarakterin, dayanıqlı daxili konstitusiyanın göstəricisidir. Hər şeydən və hər kəsdən əvvəl özü ilə dürüst ola bilməkdir.

Bax, bu cəhətlər Azərbaycanı, onun rəhbərini fərqləndirir. Prezident İlham Əliyevin, eləcə də, birinci vitse-prezident Mehriban Əliyevanın şəhər mədəniyyətinə, şəhərsalmaya həssas, eyni zamanda peşəkar yanaşması göz önündədir. Hər iki şəxs şəhər ortamında doğulub böyümüşlər, uşaqlıqdan, yeniyetməlikdən, ilk gənclik illərindən şəhər mədəniyyətinə daha yaxın və sıx bağlı olublar. Ümumən öz millətinin çoxəsrlik kimlik şüurunun və tarixi mədəniyyətinin yetirməsi olsalar da, şəhər mühitində formaalaşıblar. Ona görə də şəhəri - onun uğurlu məqamlarını da, ağrılarını da qəlbən hiss edə bilirlər. Eyni zamanda şəhərin inkişaf potensialını görür və doğru istiqamətləndirirlər.

Söhbət, əlbəttə, təkcə Bakıdan və konqlomeratından getmir, əyalət şəhərlərinə də eyni həssas diqqət var. Prezidentin müəyyən etdiyi konsptual yanaşmaya uyğun olaraq birinci vitse-prezident də şəhərlərdə yaşıllıqların qorunması və çoxaldılması, infrastrukturun inkişafı, rahat yaşam şərtlərinin formalaşdırılması baxımından mühüm işlər görür, doğru mesajlar verir.

Təkcə Bakı kimi, Gəncə, Sumqayıt, Naxçıvan, Şəki və sair kimi yaşayan və nəfəs alan şəhərlərə göstərilən diqqətdən söhbət getmir. Eyni zamanda işğal zamanı dağıdılmış şəhərlərə "Böyük Qayıdış" proqramı çərçivəsində ikinci nəfəs verilməsindən də söhbət gedir. Burda Azərbaycan yeni və rahat fərqli şəhər ortamları yaradır. Bu yaxınlarda Füzuli şəhərində idim; insanlar üçün maraqlı və gözəl bir şəhər qurulduğunu bir daha gördüm.

Bütün bunlar - zəngin milli şəhər mədəniyyəti, əlbəttə, Azərbaycanın Şəhəsalma Forumuna çox uğurla ev sahibliyi etməsinə haqq və imkan verir.

Ancaq bu da hamısı deyil: Azərbaycana yaxın regionlarda müharibələr gedir. Daha əvvəl də yazdığım kimi, bu müharibələrdə ən çox şəhərlər, şəhər infrastrukturu, tarixi irsi, şəhər mədəniyyəti zərər görür. Avropanın şərqində - Ukraynada, eləcə də, Rusiyada - Avrasiyanın dərinliklərində ən müasir və ən dağıdıcı silahlarla şəhərlərə hücum edilir, şəhərlər dağıdılır, yerlə yeksan edilir. Bir zamanlar açıq səma altında muzey olan Kiyev şəhəri, başqa şəhər mərkəzləri müharibədən ciddi zərər görür. Yaxın Şərqdə döyüş meydanına çevrimiş şəhərlərdən isə xüsusi danışmağa ehtiyac yoxdur; hər şey göz qabağındadır. Tarixdə ilk şəhərin meydana gəldiyi qədim coğrafiyada - Dəclə və Fərat arasında bütöv şəhərlər müharibənin qurbanına çevrilib, hətta, demək olar, yoxa çıxlb.

Belə bir şəraitdə - dünyada xalqları, ölkələri, şəhərləri hədəf alan müharibələrin, münaqişələrin ortasında sabit, dinc, təhlükəsiz bir adaya çevrilmək, bilirsiniz, nə deməkdir?!

Dünyanın dörd bir yanında təbii, texnogen fəlakətlər, hərbi əməliyyatlar nəticəsində şəhərlər dağılarkən, Azərbaycan öz ərazisində - Qarabağda, Şərqi Zəngəzurda yeni -"ağıllı" şəhərlər salır.

Dediyim kimi, başqa coğrafiyalarda şəhərdğıtma əməliyyatları aparılır, Azərbaycanda Şəhərsalma Forumu keçirilir.

Fərqləri görürsünüzmü?

Haşiyə çıxaraq onu da deyim: Azərbaycan da 2020-ci ildə öz torpaqarını işğaldan azad etmək üçün müharibə, 2023-cü ildə isə öz suverenliyini bərpa etmək üçün antiterror əməliyyatları apardı. Ancaq bir şəhəri dağıtmadı, bir nəfər də olsun mülki şəxsə zərər vermədi. Bu da şəhərə, insana fərqli - həssas münasibətin göstəricisidir.

...Böyük-böyük ölkələrdə nəhəng hava limanlarının müharibə üzündən az qala iflic olduğu bir dönəmdə, Azərbaycan hava limanlarına 40 mindən çox sərnişin uçur, gəlir, Şəhərsalma Forumunda iştirak edir, Azərbaycanın şəhərlərini gəzir, bu ölkənin tarixi və mədəniyyəti ilə tanış olur. Bu, Azərbaycanın, dövlətin, şəxsən dövlət başçısının qazandığı tarixi, hətta fenomenal bir uğurdur.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, Bizimyol.info
Son xəbərlər
Bütün xəbərlər »