ABŞ prezidenti Donald Tramp və Çin lideri Si Cinpin arasında görüşdən sonra Vaşinqtonun Tayvanla bağlı mövqeyinin dəyişmədiyi açıqlanıb. ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Tayvan siyasəti ardıcıl qalır və Pekinin bu məsələni gündəmə gətirməsinə baxmayaraq, ABŞ öz mövqeyini qoruyur. O həmçinin xəbərdarlıq edib ki, Tayvan ətrafında status-kvonun zorla dəyişdirilməsi həm ABŞ, həm də Çin üçün ciddi nəticələr yarada bilər.
- ABŞ və Çin arasında Tayvan məsələsi gələcəkdə yeni hərbi qarşıdurmanın əsas səbəbinə çevrilə bilərmi?
Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Donald Trampın Çinə səfəri və Çin sədri ilə keçirdiyi görüşlər beynəlxalq münasibətlərdə diqqət çəkən məqamlardan biri kimi qiymətləndirilir. Lakin Çin–ABŞ münasibətlərində hələ də həll olunmamış və strateji xarakter daşıyan əsas məsələlər mövcuddur. Bu məsələlərin ən başlıcası Tayvan problemidir.
“Tayvan məsələsi ABŞ üçün yalnız siyasi deyil, həm də geostrateji əhəmiyyət daşıyır. Çünki Tayvan yarımkeçirici istehsalı baxımından dünya iqtisadiyyatında mühüm rol oynayır və eyni zamanda ABŞ üçün Hind-Sakit okean regionunda Çinə qarşı strateji mövqenin əsas dayaqlarından biri hesab olunur. Buna görə də Vaşinqton Tayvanın təhlükəsizliyini və müdafiə imkanlarını ciddi şəkildə dəstəkləyir və bu məsələni Pekinə qarşı təzyiq vasitəsi kimi də saxlayır”, – deyə politoloq qeyd edib. O həmçinin bildirib ki, Çin tərəfi Tayvanı öz ərazisinin bir hissəsi hesab edir və ABŞ-nin regiondakı hərbi və siyasi dəstəyini münasibətlərə zərər verən əsas faktor kimi qiymətləndirir. Buna baxmayaraq, iki ölkə arasında iqtisadi əlaqələrin dərinliyi tərəfləri açıq qarşıdurmadan çəkindirən əsas amillərdən biridir.
Politoloqun fikrincə, hər iki tərəf müəyyən məsələlərdə əməkdaşlıq etməyə çalışsa da, strateji ziddiyyətlər, xüsusilə Tayvan, Ukrayna–Rusiya müharibəsi və İran məsələsi kimi qlobal böhranlar münasibətlərdə gərginliyi saxlayır. Bu səbəbdən tərəflər daha çox balanslı və ehtiyatlı siyasət yürütməyə üstünlük verirlər.
Məhəmməd Əsədullazadə hesab edir ki, əgər Çin Tayvan istiqamətində hərbi müdaxiləyə əl atarsa, bu, ABŞ-nin birbaşa hərbi reaksiyası ilə nəticələnə bilər. Buna görə də hazırda tərəflər açıq hərbi qarşıdurmadan yayınmağa çalışırlar. Eyni zamanda Tayvan ətrafında hərbi aktivliyin artması və Çinin bölgədə logistika və blokada imkanlarını gücləndirməsi də müşahidə olunur.
“Tayvan məsələsi ABŞ–Çin münasibətlərinin əsas fundamental problemi olaraq qalır və yaxın perspektivdə bu problemin tam həlli real görünmür. İki ölkə arasında həm iqtisadi asılılıq, həm də geosiyasi rəqabət paralel şəkildə davam edir”, – deyə politoloq əlavə edib.
İradə Cəlil, Bizimyol.info






