Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Karter doktrinası” yenidən işə düşür: Güc siyasəti geri qayıdır
“Karter doktrinası” yenidən işə düşür: Güc siyasəti geri qayıdır

Donald Trampın “İranın hərbi məhv edilməsi davam edəcək” açıqlaması və İsrail mətbuatında yayılan yeni əməliyyat hazırlığı ilə bağlı iddialar Yaxın Şərqdə gərginliyin yenidən artacağı ehtimallarını gücləndirib. Vaşinqtonun sərt ritorikası təkcə siyasi təzyiq mesajı kimi yox, həm də regionda yeni hərbi mərhələyə hazırlıq ehtimalı kimi dəyərləndirilir. ABŞ–İran qarşıdurmasının yenidən aktiv fazaya keçməsi isə enerji təhlükəsizliyi, regional balans və Cənubi Qafqaz üçün əlavə risklər yarada bilər.

  • İranla gərginliyin artması Türkiyə, Azərbaycan və ümumilikdə Cənubi Qafqaz üçün hansı risklər doğura bilər?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, siyasi şərhçi Fərəc Quliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Vaşinqtonun sərt ritorikası təkcə siyasi təzyiq mesajı deyil və bu, həm də indiki Amerika administrasiyasının mövqeyi deyil: “Bəziləri indi baş verənləri Trampın birdən-birə duyğusal hərəkətləri kimi qiymətləndirməyə çalışırlar. Amma 80-ci illərdən Amerikada ‘Karter doktrinası’ deyilən bir doktrin var. O doktrinada Hörmüz boğazı da daxil olmaqla bu ərazidə hər hansı bir dövlətin dominantlıq etməsi halında ABŞ tərəfinin birmənalı şəkildə hərbi qüvvələrdən istifadə etmək imkanları nəzərdə tutulur. Bu da göstərir ki, əslində ABŞ-nin regiondakı strategiyası uzunmüddətlidir və bu gün də həmin xətt davam edir”.

Fərəc Quliyev bildirib ki, baş verən hadisələr bizim iradəmizdən asılı deyil, lakin region həssas bölgədir: “Bütün dünyada olduğu kimi, Cənubi Qafqazda da ciddi risklər formalaşır. Biz həm enerji istehlakçısıyıq, həm istehsalçıyıq, həm də logistik imkanlarımız vasitəsilə digər ölkələrin enerji siyasətinə təsir edirik.

İndiki vəziyyət bir tərəfdən enerji qiymətlərinin artması səbəbindən büdcədə müəyyən profisit yarada bilər, çünki biz neft ixrac edirik. Digər tərəfdən isə təkcə enerji deyil, ümumilikdə bütün qiymətlər yüksələcək. Dünyada ərzaq məhsulları və digər malların bahalaşması gözlənilir, çünki gübrə və logistika zəncirində yaranan problemlər kənd təsərrüfatına təsir edir və bu da qiymət artımına gətirib çıxarır. Bu proses bizə də təsirsiz ötüşməyəcək”.

O qeyd edib ki, İranın qonşu dövlət olması və iqtisadi əlaqələrin mövcudluğu da vəziyyətə təsir edir: “İran qonşu dövlətdir və bizim onunla iqtisadi əlaqələrimiz, alış-verişimiz olub. Bu da qiymətlərə təsir edəcək. Ümumilikdə dünyada risklər artır və biz bütün ehtimallara hazır olmalıyıq”.

Fərəc Quliyev əlavə edib ki, İran ərazisində milyonlarla soydaşımızın yaşaması da xüsusi amildir: “Bu, həm humanitar təhlükəsizlik, həm də mümkün təsirlər baxımından mühüm məsələdir. Enerji siyasətində və ümumi regional balansda dəyişikliklər baş verir”.

Onun sözlərinə görə, ABŞ tərəfindən sərt ritorika səslənəndə bazarlarda qiymət dalğalanmaları qaçılmaz olur. “ABŞ bu regiona təsadüfən gəlməyib. Karter doktrinası çərçivəsində öz strateji maraqlarını həyata keçirir və güzəştli mövqedən çıxış etmir”.

Fərəc Quliyevin fikrincə, belə vəziyyətdə kompromis tapmaq çətindir: “Tərəflər öz əsas istəklərindən geri çəkilmirsə, bölgədə sabitliyin yaranması da çətinləşir. ABŞ-nin əsas tələbləri İranın nüvə proqramı ilə bağlı zənginləşdirilmiş uranın dayandırılması və ya məhdudlaşdırılması, uzaqmənzilli ballistik raket proqramının məhdudlaşdırılması və ümumilikdə İranın nüvə silahına sahib olmasının qarşısının alınmasıdır.

İran tərəfi isə öz növbəsində sərt mövqe sərgiləyir və müxtəlif tələblər irəli sürür. Bu tələblər arasında Hörmüz boğazından keçən gəmilərdən kompensasiya alınması, ABŞ bazalarının regiondan çıxarılması və digər şərtlər də var. İsrail faktoru və regiondakı güc balansı da vəziyyəti daha da mürəkkəbləşdirir”.

Onun qənaətinə görə, bu şəraitdə vəziyyətin dinc yolla həll olunması real görünmür: “Görünən odur ki, daha gərgin ssenarilərə də hazır olmaq lazımdır. Azərbaycan–Türkiyə tandemi və Türk Dövlətləri Təşkilatı çərçivəsində müxtəlif ssenarilər üzrə hazırlıqların gücləndirilməsi vacibdir”.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »