Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakı dünyanın urbanizasiya gündəminin əsas platformasına çevrilir
Bakı dünyanın urbanizasiya gündəminin əsas platformasına çevrilir

Dünyanın müxtəlif ölkələrindən minlərlə iştirakçını bir araya gətirəcək WUF13 platforması artıq qlobal şəhərsalma və dayanıqlı inkişaf gündəminin ən mühüm beynəlxalq tədbirlərindən biri kimi qiymətləndirilir.

Bakıda keçiriləcək forum çərçivəsində urbanizasiya, iqlim çağırışları, ağıllı şəhərlər və davamlı yaşayış modelləri ilə bağlı geniş müzakirələrin aparılması gözlənilir. Bu platforma Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolunu daha da gücləndirməklə yanaşı, ölkənin şəhərsalma və bərpa siyasətinin təqdimatı baxımından da mühüm əhəmiyyət daşıyır. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən “ağıllı şəhər” və “yaşıl enerji” konsepsiyalarının forumun əsas diqqət mövzularından biri olacağı gözlənilir.

Milli Məclisin deputatı Müşfiq Cəfərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ümumdünya Şəhərsalma Forumunun regionumuzda ən irimiqyaslı tədbirlərdən biri olacağını əminliklə söyləmək olar. Tədbir çərçivəsində həm Azərbaycan, həm də xarici ölkələrdən dövlət rəsmiləri, QHT-lər, bu sahədə fəaliyyət göstərən mütəxəssislər, ekspertlər, özəl sektorların nümayəndələri bir araya gələrək, geniş fikir mübadiləsi apararaq yeni bilik və təcrübə ilə paylaşmaq imkanı əldə edəcəklər: “Bu önəmli tədbirin paytaxtımızda keçirilməsi dövlətimizin şəhərsalma sahəsində apardığı dərin islahatlar, ölkədə uğurla həyata keçirilən genişmiqyaslı layihələr və əldə edilən nailiyyətlər, habelə ölkəmizin bu sahədə qlobal gündəliyə verdiyi töhfələr sayəsində beynəlxalq nüfuzunun ən yüksək səviyyədə olmasından irəli gəlir”.

Deputat vurğulayıb ki, regionumuzda ən irimiqyaslı tədbirlərdən biri olan WUF13 çoxşaxəli müxtəlif istiqamətlərdə bir çox mərhələli tədbirlərdən ibarət olmaqla, şəhər ərazilərinin çağırışlarına cavab vermək üçün yeni tərəfdaşlıqlara və yeni fəaliyyətlərə səbəb olacaq.

Deputatın sözlərinə görə, artıq dövlət strukturları WUF13-ün yüksək səviyyədə keçirilməsi üçün səfərbər olublar. Artıq rəsmi hazırlıq mərhələsi uzun müddətdir ki, həm təşkilati, həm də logistik baxımdan davam edir. Bakı şəhəri bu qlobal platformaya ev sahibliyi etməyi strateji təşəbbüs kimi qəbul edib.

“Ümumiyyətlə, bu mötəbər platformaya ev sahibliyi etməsi ölkəmizin təşkilati gücünün və diplomatik çəkisinin göstəricisidir. Belə tədbirlər dövlətin idarəetmə mədəniyyətini, çevik qərarvermə bacarığını və beynəlxalq standartlara uyğun fəaliyyət modelini nümayiş etdirir. Uzun illərdir Azərbaycan bu proseslərdə kənar müşahidəçi kimi yox, təşəbbüs irəli sürən, gündəm formalaşdıran tərəf kimi çıxış edir”-deyən müşfiq Cəfərov hesab edir ki, 2026-cı ildə Bakının BMT-nin Dünya Şəhərsalma Forumuna ev sahibliyi etməsi ölkəmizin bu sahədə qlobal diskursun fəal iştirakçısına çevrildiyinin bariz göstəricisidir. Bu seçimin təsadüfi olmaması Azərbaycanın təqdim etdiyi modelin artıq yalnız daxili inkişaf nümunəsi kimi deyil, həm də beynəlxalq səviyyədə tətbiq oluna bilən urbanistika konsepsiyası kimi qəbul edilməsindən qaynaqlanır.

Deputat hesab edir ki, artıq Azərbaycan şəhərsalma sahəsində regional deyil, qlobal nümunə kimi çıxış edə bilər.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »