Avropa İttifaqının Ermənistandakı missiyası ilə bağlı Prezident İlham Əliyevin sərt mesajı Bakının regionda formalaşdırılmağa çalışılan yeni geosiyasi təsir mexanizmlərinə açıq xəbərdarlığı kimi qiymətləndirilir. Rəsmi Bakı hesab edir ki, “müşahidə missiyası” adı altında fəaliyyət göstərən bu struktur artıq neytral vasitəçilik çərçivəsindən çıxaraq müəyyən güc mərkəzlərinin siyasi maraqlarına xidmət edən bir alətə çevrilib. Xüsusilə missiyanın fəaliyyət zonasının genişlənməsi və həssas istiqamətlərdə görünməsi Azərbaycan tərəfdə ciddi narahatlıq doğurur.
Bəs Avropa İttifaqının Ermənistandakı missiyası doğrudan da sabitliyə xidmət edir, yoxsa regionda yeni siyasi qarşıdurma xətti formalaşdırmaq məqsədi daşıyır?
Əgər məqsəd sülhdürsə, niyə bu missiya Azərbaycanda etimad deyil, şübhə yaradır?
Milli Məclisin deputatı Elçin Mirzəbəyli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Avropa İttifaqının Ermənistandakı “müşahidə missiyası” ətrafında yaranan müzakirələr artıq texniki və ya humanitar çərçivəni çoxdan aşıb. Prezident İlham Əliyevin bu məsələ ilə bağlı sərt və prinsipial mövqeyi regionda formalaşdırılmağa çalışılan yeni geosiyasi konfiqurasiyaya verilən açıq siyasi cavabdır. Çünki Azərbaycan dövləti çox yaxşı bilir ki, Cənubi Qafqaz uğrunda rəqabət artıq yalnız iqtisadi və nəqliyyat marşrutları üzərində getmir və burada əsas mübarizə təsir zonaları, təhlükəsizlik arxitekturası və siyasi nəzarət mexanizmləri uğrundadır.
Avropa İttifaqının Ermənistandakı missiyası ilkin mərhələdə “mülki müşahidə mexanizmi”, “etimad quruculuğu təşəbbüsü” və “sərhəd sabitliyi aləti” kimi təqdim olunsa da, sonrakı proseslər göstərdi ki, bu strukturun fəaliyyəti klassik müşahidə missiyası çərçivəsindən kənara çıxır.
Deputatın fikrincə, Azərbaycanın baş verənlərlə bağlı narahatlığı konkret faktlara, davranış modellərinə və geosiyasi təcrübəyə əsaslanır. Missiyanın fəaliyyət coğrafiyasının genişləndirilməsi onun sırf müşahidə funksiyası ilə məhdudlaşmadığını göstərir. Missiya nümayəndələrinin ritorikası və fəaliyyət üslubu da açıq şəkildə Ermənistanın siyasi tezisləri ilə paralellik təşkil edir.
Əslində, Avropa İttifaqının regiona yanaşmasında nəzərə çarpan riyakarlıq bizim üçün yeni və gizli deyil. Brüssel bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü formal şəkildə tanıdığını bəyan edir, digər tərəfdən isə Elçin Mirzəbəyli hesab edir ki, Ermənistan ərazisində yerləşdirilən və faktiki olaraq birtərəfli informasiya toplama mexanizmi kimi fəaliyyət göstərən missiyanın mandatını davamlı şəkildə genişləndirir. Bu ziddiyyət, mahiyyəti aydın olsa da, bəzi Avropa siyasətçilərinin növbətçi təbəssümlərinin və yırtıq siyasi maskalarının arxasında gizlətməyə çalışdıqları həqiqətlərlə bağlı bir sıra sualların ortaya çıxmasına zəmin yaradır: “Sual olunur, əgər məqsəd sülhdürsə, niyə onların fəaliyyət modeli balans yaratmır, əksinə şübhə və etimadsızlıq formalaşdırır? Mövcud vəziyyətin mahiyyəti bizə aydındır. Torpaqlarımızın işğal altında olduğu zaman kəsiyində biz bu qəbildən olan simasızlığın hər üzünü görmüşük. Amma bildiyimiz həqiqətlər bizə başqa ad altında sırınanda, təbii ki, “axmaq özünüzsünüz” cavabını vermək məcburiyyətində qalırıq.”
Burada diqqət yetirməli olduğumuz başqa bir məqam missiyanın hüquqi və siyasi legitimliyi ilə bağlıdır. Azərbaycan heç vaxt belə bir missiyanın yaradılmasına razılıq verməyib və onu ikitərəfli razılaşdırılmış mexanizm kimi qəbul etmir. Yəni indiki halda söhbət regionun təhlükəsizlik balansına təsir göstərən bir təsisatın birtərəfli şəkildə bölgədə yerləşdirilməsindən və təhrikçi fəaliyyətindən gedir. Belə yanaşma isə təbii olaraq Cənubi Qafqaz kimi geosiyasi manipulyasiyalara açıq bir bölgədə suverenlik və təhlükəsizliklə bağlı narahatlıqlar yaradır.
Deputat həmçinin bildirib ki, Prezident İlham Əliyevin sərt mesajının mahiyyəti də məhz burada ortaya çıxır. Azərbaycan açıq şəkildə bildirir ki, regionda yeni “yumşaq nəzarət mexanizmləri”nin qurulmasına imkan verməyəcək. Çünki tarix göstərib ki, “müşahidə missiyası”, “sülhməramlı mexanizm” və “humanitar iştirak” adı altında başlayan proseslər sonradan siyasi təsir və hərbi-strateji iştirak elementlərinə çevrilə bilir. Balkanlardan Yaxın Şərqə, postsovet məkanından Afrikaya qədər bunun çoxsaylı nümunələri mövcuddur.
Elçin Mirzəbəylinin fikrincə, başqa mühüm məqam Ermənistanın bu missiyadan daxili və xarici siyasi alət kimi istifadə etməsidir. Rəsmi İrəvan anlayır ki, müharibədən sonra yaranmış yeni regional reallıqlarda onun əsas dayağı artıq hərbi üstünlük deyil, xarici siyasi patronajdır. Buna görə də Avropa missiyası Ermənistan üçün sadəcə müşahidə mexanizmi yox, həm də beynəlxalq siyasi sipər funksiyası daşıyır. Bu isə sülh prosesini təşviq etmək əvəzinə, revanşist dairələrdə yanlış gözləntilər yaradır.
“Əgər doğrudan da məqsəd dayanıqlı sülhdürsə, o zaman bölgədə fəaliyyət göstərən istənilən beynəlxalq struktur ilk növbədə balanslı davranmalı, tərəflərdən birinin geosiyasi maraq platformasına çevrilməməlidir. Etimad birtərəfli simpatiya ilə yox, obyektivlik və şəffaflıqla formalaşır”, – deyən deputat əlavə edib ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Bakının regional təhlükəsizlik məsələlərinə yanaşması da dəyişib. Azərbaycan indi xarici təsir mexanizmlərinə daha həssas və prinsipial yanaşır. Prezident İlham Əliyevin mesajı da bu yeni siyasi doktrinanın ifadəsidir. Dövlətimizin başçısı açıq şəkildə bəyan edir ki, Cənubi Qafqazda sabitlik yalnız regional reallıqların qəbul edilməsi, qarşılıqlı hörmət və suverenlik prinsipinə əsaslana bilər. Xaricdən idarə olunan geosiyasi mühəndislik cəhdləri sülh və etimad mühiti yaratmayacaq, əksinə regionu yeni qarşıdurmalara sürükləyəcək.
İradə Cəlil, Bizimyol.info






