Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, bu gün Macarıstan mart ayında Ukrayna inkassatorlarının həbs olunması zamanı müsadirə olunan “Oşçadbanka”nın vəsait və qiymətli əşyalarını qaytarıb.
Bizimyol.info xəbər verir ki, Ukrayna Prezidenti bunu Macarıstanla münasibətlərdə mühüm addım kimi qiymətləndirib.
“Bu gün mart ayında Macarıstan xüsusi xidmətləri tərəfindən ələ keçirilmiş “Oşçadbanka” vəsait və qiymətli əşyaları geri qaytarılıb. Həmin vaxt Macarıstan tərəfi Ukrayna inkassatorlarını qanunsuz olaraq saxlamışdı. İnsanları daha tez qaytardıq, indi isə vəsait və qiymətli əşyalar tam şəkildə Ukrayna ərazisinə çatdırılıb”, – deyə Zelenski "Telegram"da yazıb.
O, həmçinin Macarıstana “konstruktiv və sivil addımına görə” təşəkkürünü bildirib.
Xatırladaq ki, 5 mart tarixində Macarıstanda Ukraynanın “Oşçadbanka”sının əməkdaşları, inkassator maşınları və qiymətli əşyalar həbs edilmişdi. Həbs olunan yeddi ukraynalı Avstriya və Ukrayna arasında pul daşımaları həyata keçirirdi və bu, dövlət bankları arasında müntəzəm əməkdaşlıq çərçivəsində edilib.
Yükdə 40 milyon dollar, 35 milyon avro və 9 kq qızıl olub və beynəlxalq qaydalara uyğun sənədləşdirilib. Sonradan bank əməkdaşları və maşınlar Ukraynaya qaytarılsa da, bütün vəsait Macarıstan tərəfindən müsadirə olunub.
Macarıstan hökuməti iddia edirdi ki, inkassatorların saxlanması və vəsaitin müsadirəsi cinayətkar pulların yuyulması ilə bağlı araşdırma çərçivəsində aparılıb. Lakin Macarıstan KİV-ləri tez bir zamanda müəyyən edib ki, həqiqi səbəb Ukraynanın Viktor Orbanın dostuna aid şirkətin təqdim etdiyi inkassator xidmətini rədd etməsi və pul daşımalarını “Oşçadbanka”nın həyata keçirməsi olub.
Sonradan Macarıstan hökuməti açıqlamasını dəyişərək, “Oşçadbanka”nın vəsaitinin müsadirəsini Ukraynanın “Drujba” neft kəmərinin fəaliyyətini bloklamasına cavab olaraq izah edib.
Qadir, Bizimyol.info






