İsrailin xarici işlər naziri Gideon Saar Berlində Almaniyanın tədqiqat, texnologiya və kosmos naziri Doro Baer ilə görüşüb. Görüş zamanı tərəflər dövlətlər arasında elm, innovasiya və kosmik tədqiqatlar sahəsində əlaqələrin gücləndirilməsinin strateji əhəmiyyətini vurğulayıblar.
Bizimyol.info xəbər verir ki, nazir Saar sosial "X" şəbəkə hesabında paylaşım edərək, görüşü məhsuldar adlandıraraq, mövcud əməkdaşlığın hər iki xalq üçün əhəmiyyətli faydalar gətirdiyini qeyd edib.
Görüş zamanı regional və beynəlxalq siyasət məsələlərinə də xüsusi diqqət yetirilib, bu məsələlərin elmi sahəyə təsiri müzakirə olunub. G.Saar Almaniya nazirinə İsrailin Avropa arenasında davamlı dostluğu və dəstəyi üçün minnətdarlığını bildirib. İsrailin xarici siyasət rəhbərinin sözlərinə görə, bu, xüsusilə Avropada bəzi siyasi qüvvələrin İsraillə peşəkar əməkdaşlığı siyasi motivlərlə məhdudlaşdırmağa və ya zərər vurmağa çalışdığı bir şəraitdə böyük önəm daşıyır.
Xarici işlər naziri İsrail tərəfinin Almaniya ilə tərəfdaşlığı daha da dərinləşdirməyi planlaşdırdığını təsdiqləyib. “İsrail və Almaniya arasında elm, texnologiya, kosmik tədqiqatlar və digər sahələrdə əməkdaşlıq hər iki ölkəyə böyük fayda verir”, – deyə Saar qeyd edib.
Tərəflər gələcəkdə birgə tədqiqat proqramlarının sabitliyini təmin etmək üçün dialoqu və səylərin koordinasiyasını davam etdirməyə razılıq veriblər. Qeyd edək ki, Almaniya ənənəvi olaraq İsrailin Avropa İttifaqında yüksək texnologiya və akademik mübadilə sahəsində əsas tərəfdaşlarından biridir.
Bizimyol.info






