Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakı–Haaqa münasibətləri: diplomatik narazılıqdan əməkdaşlıq perspektivinə…
Bakı–Haaqa münasibətləri: diplomatik narazılıqdan əməkdaşlıq perspektivinə…

Son dövrlərdə Azərbaycan–Niderland münasibətləri müəyyən ziddiyyətli məqamlarla müşayiət olunsa da, diplomatik ritorika və qarşılıqlı bəyanatlar göstərir ki, tərəflər münasibətləri gərginlikdən əməkdaşlığa doğru yönəltmək niyyətindədir. Niderlandın Bakıdakı səfiri Marian de Yonq tərəfindən səsləndirilən fikirlər bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, Niderland parlamenti tərəfindən Azərbaycanın suverenliyi və regiondakı proseslərlə bağlı qəbul edilmiş bəzi sənədlər Bakıda narahatlıqla qarşılanmışdı. Bu sənədlər rəsmi Bakı tərəfindən qərəzli və birtərəfli yanaşmanın nümunəsi kimi qiymətləndirilmiş, nəticədə səfirin Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət olunması ilə diplomatik izahat mərhələsi başlamışdı.

Politoloq Nicat İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu cür situasiyalar beynəlxalq münasibətlərdə nadir deyil. Parlament səviyyəsində qəbul edilən qətnamələr bəzən hökumətin rəsmi mövqeyi ilə tam üst-üstə düşmür və daha çox daxili siyasi diskursun məhsulu olur. Elə bu məqamda səfir Marian de Yonqun açıqlamaları münasibətlərin gələcək trayektoriyası baxımından mühüm siqnal kimi dəyərləndirilir.

Səfir açıq şəkildə bəyan edib ki, Niderland hökuməti Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesində balanslı mövqe tutur. Onun sözlərinə görə, rəsmi Haaqa hər iki tərəflə dialoqu davam etdirir və regionda sabitliyin təmin olunmasına töhfə vermək niyyətindədir. Bu yanaşma, xüsusilə də post-münaqişə dövründə Cənubi Qafqaz üçün olduqca vacibdir. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra bölgədə yaranmış yeni reallıqlar beynəlxalq aktorlardan daha obyektiv və konstruktiv mövqe tələb edir. Niderlandın bu istiqamətdə “hər iki tərəflə işləmək” strategiyası qarşılıqlı etimadın bərpası üçün əsas platforma rolunu oynaya bilər.

Politoloq bildirib ki, səfirin ən diqqətçəkən mesajlarından biri parlamentlərarası məsləhətləşmələrin keçirilməsi ilə bağlı ümiddir. Bu təşəbbüs münasibətlərdə yeni səhifə aça bilər. Parlament üzvlərinin birbaşa ünsiyyəti yanlış anlaşılmaların aradan qaldırılmasına, informasiyanın daha obyektiv mübadiləsinə və siyasi stereotiplərin zəifləməsinə xidmət edə bilər. Nəzərə alsaq ki, parlamentlər ictimai rəyin formalaşmasında mühüm rol oynayır, bu platforma vasitəsilə daha balanslı yanaşmaların təşviqi mümkündür. Münasibətlər yalnız siyasi müstəvi ilə məhdudlaşmır. Azərbaycan və Niderland arasında iqtisadi, enerji, kənd təsərrüfatı və logistika sahələrində geniş əməkdaşlıq imkanları mövcuddur. Niderland Avropanın innovativ iqtisadiyyatlarından biri kimi, Azərbaycanın isə regional enerji və nəqliyyat qovşağı kimi rolu tərəfləri təbii tərəfdaşlara çevirir. Bundan əlavə, yaşıl enerji və su idarəçiliyi sahəsində Niderlandın təcrübəsi Azərbaycan üçün maraqlıdır. Azərbaycanın tranzit imkanları isə Avropa üçün strateji əhəmiyyət daşıyır. Bu baxımdan siyasi dialoqda yaranan hər hansı anlaşılmazlıq uzunmüddətli əməkdaşlıq potensialını kölgədə qoymamalıdır.

Nicat İsmayılov qeyd edib ki, hazırkı vəziyyəti mənfidən pozitivə doğru inkişaf edən bir proses kimi qiymətləndirmək mümkündür. Əvvəlcə qərəzli qəbul edilən parlament sənədləri, diplomatik narazılıq və izahat üçün çağırış kimi addımlar müşahidə olunsa da, indi balanslı mövqe bəyanatları, dialoqa açıq çağırışlar və parlamentlərarası əlaqələrin genişləndirilməsi təşəbbüsləri ön plana çıxır. Bu isə onu göstərir ki, tərəflər münasibətləri qarşıdurma müstəvisindən çıxararaq konstruktiv əməkdaşlıq istiqamətinə yönəltməkdə maraqlıdır.

“Azərbaycan–Niderland münasibətləri hazırda həssas, lakin eyni zamanda perspektivli mərhələdən keçir. Marian de Yonqun tərəfindən səsləndirilən fikirlər diplomatik körpülərin qorunduğunu və genişləndirilməsi üçün real iradənin mövcud olduğunu göstərir. Əgər parlamentlərarası dialoq təşəbbüsü reallaşarsa və tərəflər qarşılıqlı hörmət prinsipi əsasında əməkdaşlığı davam etdirərsə, bu münasibətlər yalnız normallaşmaqla kifayətlənməyəcək, həm də yeni keyfiyyət mərhələsinə qədəm qoyacaq,” — deyə politoloq bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »