ABŞ Nümayəndələr Palatası prezident Donald Trampın İrana qarşı hərbi addımlarını məhdudlaşdırmağa yönəlmiş qətnaməni qəbul edib.
Sənəd 215 lehinə və 208 əleyhinə səslə təsdiqlənib və dörd respublikaçı Demokratlara qoşularaq dəstək verib.
“The Hill” nəşrinə görə, bu səsvermə Konqresin İranla bağlı səlahiyyət mübarizəsində mühüm addım kimi qiymətləndirilir.
Qətnamə artıq baxılması üçün Senata göndərilib.
- Bu qərar ABŞ-ın xarici siyasətində prezident səlahiyyətlərini real şəkildə məhdudlaşdıra bilərmi?
Politoloq İlqar Vəlizadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu qərar eyni zamanda onu göstərir ki, ABŞ–İran müharibəsinə qarşı kampaniya artıq daha mürəkkəb bir mərhələ alır.
Çünki indiyədək bu mövzu əsasən diskussiya səviyyəsində idi və həm siyasi, həm də ictimai müstəvidə bununla bağlı ciddi narazılıqlar mövcud idi.
ABŞ-nin bu müharibədə iştirakı ilə bağlı müxtəlif tənqidi fikirlər səsləndirilirdi.
İndi isə görünən odur ki, konqresmenlər daha fəal mövqe sərgiləyiblər, hücuma keçiblər. Xüsusilə seçkilər ərəfəsində bu cür addımın atılması ciddi mesaj kimi qiymətləndirilə bilər. Bu, ən azı Tramp administrasiyası üçün bir siqnaldır ki, əgər siyasətdə korrektələr edilməsə, daha ciddi nəticələrlə üzləşmək ehtimalı var.
Yəni ola bilər ki, Respublikaçılar növbəti seçkilərdə kifayət qədər səs toplaya bilməyə və Konqresdə, eləcə də Senatda üstünlüklərini itirməyə risk edirlər. Hazırda Senatda Respublikaçılar çoxluq təşkil edir və bir çox qərarlar onlardan asılıdır. Əgər onlar bu istiqamətdəki təşəbbüsləri dəstəkləsələr, bu, payız seçkilərində onların səs itirməsinə səbəb ola bilər.
Bunun əsas səbəbi isə ictimai rəyin formalaşmasıdır. Geniş ictimaiyyət belə nəticəyə gələ bilər ki, Respublikaçılar müharibəni dəstəkləyir. Müharibə isə öz növbəsində daxili iqtisadi və sosial fəsadlara gətirib çıxara bilər.
Politoloqun fikrincə, xüsusilə Hörmüz boğazının bağlanması dünya bazarında neft qiymətlərinin artmasına, bunun da ABŞ-də yanacağın bahalaşmasına və inflyasiyanın yüksəlməsinə səbəb olub. Bu isə birbaşa olaraq vətəndaşların narazılığı ilə nəticələnir.
İlqar Vəlziadə hesab edir ki, bu gün hazırda əsas proseslər Senatdan asılıdır. Əgər Senat Tramp administrasiyasının siyasətini İran istiqamətində məhdudlaşdırmasa, o zaman ictimaiyyət bunu Respublikaçıların müharibə tərəfdarı kimi dəyərləndirə bilər. Bu isə seçkilərdə Demokratların xeyrinə işləyə bilər.
Beləliklə, səsvermənin nəticəsi böyük ölçüdə seçicilərin mövqeyindən asılı olacaq. Bu vəziyyətdə Demokratların daha çox səs qazanması onların “daha mütərəqqi” olduqları üçün deyil, müharibəyə qarşı mövqe sərgiləmələri ilə bağlı ola bilər. Burada müharibə bir barometr rolunu oynayır.
“Trampın siyasətinə təsirin hansı səviyyədə olacağını isə indidən dəqiq demək çətindir. Çünki Trampın daha çox emosional qərarlar verdiyi barədə ABŞ-də də müəyyən təsəvvürlər formalaşıb. Buna görə də onun konkret və sabit proqnozlaşdırıla bilən xətt yürütməsi çətin görünür.
Bununla belə, istənilən halda reallıqlar nəzərə alınmalıdır. Elə buna görə də indiyədək müharibənin geniş və qızğın mərhələsi başlamayıb. Çünki tərəflər anlayır ki, belə bir ssenari daha ciddi və ağır nəticələrə gətirib çıxara bilər”-deyə politoloq bildirib.
İradə Cəlil, Bizimyol.info






