Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Kontakt Home” tənqidlərə cavab verdi
“Kontakt Home” tənqidlərə cavab verdi

Şirkət: “Layihə çərçivəsində yaradılan təhsil zonaları aktiv olaraq istifadədir və istənilən şəxs tərəfindən yerindəcə yoxlanıla bilər”

“Kontakt Home”un son günlər yayımladığı bəzi reklam materialları sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olub. Xüsusilə Qurban bayramı ilə bağlı reklam çarxı və “Təhsilin üçün yanındayıq!” layihəsi ictimaiyyət arasında fərqli reaksiyalar doğurub.

Bizimyol.info AFN.az-a istinadən xəbər verir ki, Qurban bayramı ərəfəsində təqdim olunan, qırmızı rəngli qurbanlıq qoyunun kompüter arxasında əyləşərək məhsul sifariş verməsini əks etdirən reklam çarxıdır. Sosial şəbəkə istifadəçiləri bunu müştərilərə qarşı hörmətsizlik kimi qiymətləndirərək şirkəti tənqid ediblər. Digər reklam isə “Təhsilin üçün yanındayıq! – məktəblilər üçün ödənişsiz xidmət” layihəsi ilə bağlıdır.

PR mütəxəssisi Vüqar Baba açıqlamasında bildirib ki, “Təhsilin üçün yanındayıq!” layihəsi korporativ sosial məsuliyyət təşəbbüsü kimi təqdim olunsa da, filialların əsasən rayon mərkəzlərində yerləşməsi səbəbindən ucqar kəndlərdə yaşayan məktəblilər üçün praktik baxımdan əlçatan deyil. O, həmçinin layihənin real nəticələri və faydalanan şəxslərlə bağlı ictimai hesabatın təqdim olunmadığını qeyd edib və bunu “greenwashing” – yaşıl yuma manipulyasiya kimi qiymətləndirib. O əlavə edib: ““Kontakt Home” bu reklamla sentimental, cəmiyyəti düşünən imic yaratmaq istəyir, amma yalan danışmış olur. Loru dillə desək, bu, göz boyama aksiyasıdır. Əslində bu çəkilişə, sosial çarxın hazırlanmasına və yayımlanmasına çəkilən xərc bəlkə də bir uşağın bir illik təhsil xərclərinə yönəldilə bilərdi və bu daha çox fayda verərdi”.

  • Reklamlarla bağlı yaranan tənqidlərə münasibətiniz necədir?
  • Ucqar kəndlərdə yaşayan şagirdlərin bu xidmətdən istifadə etməsi necə nəzərdə tutulub?
  • Şirkət səsləndirilən “greenwashing” və ya “göz boyama” ittihamlarına necə cavab verir?

Yaranan suallara cavab tapmaq üçün “Kontakt Home” – ə sorğu ünvanladıq.

Qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib ki, reklam materiallarının uğurlu olub-olmamasında ən əsas meyar müştəri rəyidir: “Qurban bayramı vizualına dair müştərilərimizdən hər hansı bir şikayət və ya neqativ rəy daxil olmayıb.

"Təhsil üçün yanındayıq!" layihəsi çərçivəsində yaradılan zonalar “Kontakt” mağazalarında fiziki olaraq mövcuddur və hər bir şagirdin istifadəsinə açıqdır. Layihənin əhatə dairəsinin genişləndirilməsi isə strateji prioritetlərimizdən biridir”.

Həmçinin vurğulanıb: “Səsləndirilən “greenwashing” ittihamları tamamilə əsassızdır. Layihə çərçivəsində yaradılan təhsil zonaları aktiv olaraq istifadədir və istənilən şəxs tərəfindən yerindəcə yoxlanıla bilər. Üstəlik, bu layihənin beynəlxalq mükafata layiq görülməsi onun real faydasının müstəqil bir sübutudur.

İnanırıq ki, həyata keçirdiyimiz layihələrin məqsədi və yaratdığı fayda həm media, həm də cəmiyyətimiz tərəfindən layiqincə qiymətləndirilir”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »