Almaniyanın keçmiş xarici işlər naziri (1998–2005) və “Yaşıllar” partiyasının üzvü Yoşka Fișer hesab edir ki, ABŞ-ın müdafiəni təmin etməməsi halında ortaq Avropa nüvə çətiri barədə müzakirələr qaçılmaz olacaq.
Bizimyol.info xəbər verir ki, bu barədə Fișer "Der Spiegel" jurnalına müsahibəsində bildirib.
“Əgər ABŞ prezidenti Donald Tramp nüvə çətirini geri çəkərsə — və bu ehtimal var — belə müzakirələr qaçılmaz olacaq. Bu halda Fransiya və Britaniya ilə birlikdə Avropa alternativi yaratmağa çalışmaq lazım gələcək. Təbii ki, bu son dərəcə mürəkkəb və radikal dəyişikliklər olardı”, — deyə o qeyd edib.
Mart ayında Almaniya kansleri Fridrix Merz və Fransa prezidenti Emmanuel Makron iki ölkənin nüvə vasitəsilə qorunma sahəsində əməkdaşlığının dərinləşdirilməsi barədə birgə bəyannamə təqdim ediblər. Sənəddə tərəflərin “ilk konkret addımları artıq bu il atmaq, Almaniyanın müntəzəm silahlı qüvvələrinin fransız nüvə təlimlərində iştirakı, strateji obyektlərə birgə ziyarətlər və Avropa tərəfdaşları ilə birgə adi silahların inkişafı” üzrə razılığa gəldikləri bildirilir.
Almaniya ilə bağlı 15 mart 1991-ci ildə qüvvəyə minmiş “Almaniyanın yekun nizamlanması haqqında” müqavilənin üçüncü maddəsinə görə, Almaniya nüvə, bioloji və kimyəvi silah istehsalı, saxlanması və istifadəsindən imtina etmişdi. 1991-ci ilin iyun ayının sonuna qədər SSRİ keçmiş Şərqi Almaniya ərazisindən bütün hərbi nüvə komponentlərini çıxarmışdı. Lakin ölkə ərazisində NATO-nun potensial rəqibləri çaşdırmaq strategiyasına uyğun olaraq ABŞ nüvə silahları qalır. Məlumata görə, Büxel yaxınlığındakı hava bazasında 20-dək amerikalı nüvə başlığı yerləşdirilib.
2010-cu ilin martında Bundestaq deputatları hökumətə ABŞ-la Almaniya ərazisindən amerikalı nüvə silahlarının çıxarılması üzrə danışıqlar aparmaq üçün səlahiyyət veriblər. Lakin o zaman Almaniya kabineti NATO tərəfdaşları ilə razılaşmadan hər hansı bir birtərəfli addım atmayacağını açıqlamışdı.
Bizimyol.info






