Məsud Pezeşkian ölkə vətəndaşlarına gündəlik həyatda enerji istehlakını azaltmaq çağırışı edib.
Bizimyol.info xəbət verir ki, "Reuters" agentliyinin məlumatına görə, dövlət mediasında yayımlanan müraciətində prezident ölkənin enerji sisteminə düşən yükün azaldılması üçün sadə üsullara diqqət çəkib. O, məişətdə tez-tez rast gəlinən halları nümunə göstərərək artıq işıqlandırmanın sistemə əlavə yük yaratdığını vurğulayıb.
“Evdə 10 lampanı yandırmaq əvəzinə 2 lampadan istifadə edin – bunda nə problem var?”, - deyə Prezident qeyd edib. Bu çağırış İslam Respublikasında elektrik və qaz təchizatı ilə bağlı davam edən çətinliklər fonunda səsləndirilib.
Son illərdə İran xüsusilə pik dövrlərdə enerji gücü çatışmazlığı ilə mütəmadi üzləşir. Bu isə iri şəhərlərdə və sənaye obyektlərində planlı elektrik kəsintilərinə səbəb olur.
Rəsmi Tehranın bu cür çağırışları əsasən genişmiqyaslı infrastruktur investisiyalarından yayınmaq və əhalinin istehlak vərdişlərini dəyişməklə vəziyyəti tənzimləmək məqsədi daşıyır.
Daha əvvəl ölkə hakimiyyəti dövlət sektorunda müəyyən məhdudiyyətlər tətbiq etmişdi, lakin indi diqqət daha çox özəl sektor və məişət istehlakına yönəldilir. Elektrik stansiyalarındakı avadanlıqların köhnəlməsi və daxili tələbatın artması vəziyyəti daha da çətinləşdirir və xərclərin optimallaşdırılması üçün ciddi addımların atılmasını zəruri edir.
Bizimyol.info






