Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məktəbdə şagirdin yandırılmasının səbəbləri: əvvəldən aralarında problem olub, müəllimlər də bilirdi ki...
Məktəbdə şagirdin yandırılmasının səbəbləri: əvvəldən aralarında problem olub, müəllimlər də bilirdi ki...

Aprelin 20-də səhər saatlarında Bakıdakı orta məktəblərdən birində şagirdin sinif yoldaşının üstünə spirt töküb, ardınca da alışqanla od vurub yandırması günün əsas müzakirə mövzularından biri oldu. Çünki bu, təkcə bir təhsil müəssisəsinin yox, bütövlükdə cəmiyyətin problemidir.

Bizimyol.info xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisindəki 286 saylı tam orta məktəbdə baş verib. IX sinif şagirdi (yetkinlik yaşına çatmadığına görə kimliyi açıqlanmır) sinif yoldaşına xəsarət yetirib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) hadisə ilə bağlı məlumatında bildirilir ki, məktəb rəhbərliyi dərhal təcili-tibbi yardım çağırıb. Şagirdə ilkin tibbi yardım göstərilib, müayinə və müalicə üçün xəstəxanaya aparılıb. Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb. Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır. Məktəb psixoloqu tərəfindən şagirdlərlə zəruri dəstəkləyici tədbirlər həyata keçirilir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) də hadisə ilə bağlı açıqlama verilib. Bu qurumdan bildirilib ki, səhər saat 10:15 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 286 nömrəli məktəbdən çağırış qeydə alınıb. Dərhal çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. 2011-ci il təvəllüdlü oğlan yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəznində olan Yanıq Mərkəzinə yerləşdirilib. Ona başın, üzün, boynun, gövdənin ön-yan səthlərinin hər iki yuxarı ətraflarının II-III dərəcəli termiki alov yanığı diaqnozu təyin olunub. Hazırda pasyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir.

Hadisəni törədən yeniyetmənin saxlanıldığı bildirilir.

Bizimyol.info xəbər portalının əməkdaşı 286 saylı tam orta məktəbdə şagirdlər və valideynlərlə söhbətlər nəticəsində hadisənin başvermə səbəbləri barədə müəyyən məlumatlar əldə etməyə çalışıb. Məlum olub ki, hadisəni törədən məktəbli ilə xəsarət alan şagird arasında xeyli vaxtdır problem var. Bundan, hətta müəllimlər də xəbərdardır.

“Əvvəldən aralarında problem olub. Çoxdankı məsələdir. Sıxışdırıblar onu. Müəllimlərə də deyib bunu. Bildiyimizə görə, hətta direktor da bilib”, - deyə şagirdlərdən biri bildirib.

  • Valideynlər narazılıq edir ki, əgər müəllimlər və ya məktəb rəhbərliyi şagirdlər arasında problemin mövcudluğundan məlumatlı idisə, niyə vaxtında tədbir görməyib?

“Yeniyetmədilər, onların atdığı bütün addımlar düzgün olmaya bilər. Doğru yolu göstərən lazımdır. Əlbəttə, məsuliyyəti birmənalı şəkildə müəllimlərin üstünə atmırıq. Amma valideyn də məktəbdə nə baş verdiyindən məlumatlı olmur. Gərək müəllimin nədənsə xəbəri varsa, ya özü tədbir görsün, ya da valideynə xəbər versin. Heç bir addım atılmayanda belə ağır nəticələr ortaya çıxır”, - deyə Aygün Mirzəyeva bildirib.

O da məlum olub ki, hadisə nəticəsində təkcə bir şagird yox, onu xilas etməyə çalışan başqa şəxslər də yüngül xəsarət alıb.

Bizimyol.info” portalının əməkdaşı hadisənin səbəbləri ilə bağlı deyilənlərə məktəbin rəhbərliyindən də şərh almağa çalışıb. Lakin bu, mümkün olmayıb.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »