Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən mətbuat konfransında bildirib ki, Türkiyə Azərbaycan və Ermənistan arasında sülh sazişinin qısa müddətdə imzalanacağına ümid edir.
O deyib ki, tərəflər arasında razılaşmanın əldə olunması region üçün mühüm mərhələ olacaq və proses artıq son mərhələyə yaxınlaşıb.
Nazir Fidanın sözlərinə görə, münasibətlərin normallaşması yalnız siyasi deyil, həm də iqtisadi baxımdan böyük imkanlar yaradacaq.
Nazir, xüsusilə Cənubi Qafqazda sabitliyin Orta Dəhliz kimi layihələrin inkişafı üçün vacib olduğunu vurğulayıb. Həmçinin əlavə edib ki, Zəngəzur dəhlizi Türkiyə üçün strateji əhəmiyyət daşıyır və Ankara bu sülh prosesini dəstəkləməyə davam edir.
Doğrudanmı, sülh müqaviləsinin imzalanması Cənubi Qafqazda uzunmüddətli sabitliyi təmin edə biləcək?
Milli Məclisin deputatı Arzuxan Əlizadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması Cənubi Qafqazda və bütövlükdə regionda sülhə və sabitliyə nail olunması deməkdir.
Deputat deyib: "Məlumdur ki, 30 ildən artıq torpaqlarımız işğal altında olduğu dövrdə bölgədə müharibə vəziyyəti var idi. Biz 44 günlük müharibə ilə, ondan sonra da həyata keçirdiyimiz antiterror əməliyyatları ilə ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik. Eyni zamanda Ermənistana da suverenlik əldə etmək üçün imkanlar tanınmış olduq. Bununla da bütövlükdə Cənubi Qafqazın sülhə və sabitliyə nail olunması istiqamətində Azərbaycanın əldə etdiyi möhtəşəm uğur və ardınca Ermənistana sülh müqaviləsi imzalanması təklifi ilə çıxış etməsi önəmli məsələdir".
Deputatın sözlərinə görə, eyni zamanda Türkiyə ilə həmsərhəd olan Ermənistan Türkiyə ilə sərhədlərin açılmasında da maraqlıdır. Həmçinin o, deyib ki, Türkiyə Azərbaycanla qardaş və dost ölkə olmaqla yanaşı, Cənubi Qafqazdakı vəziyyətin formalaşmasında və sabitliyin dayanıqlı olmasında maraqlı dövlətdir .
Deputatın fikrincə, bu, həm də ona görə Türkiyənin maraq dairəsindədir ki, Azərbaycanın təklif etdiyi Zəngəzur dəhlizi layihəsinin reallaşması böyük logistik imkanlar yaradır, bölgənin əhəmiyyətini artırır: " Bu dəhlizin açılması Çindən ABŞ-a qədər, eləcə də, Avropa ölkələri və Böyük Britaniyanın da maraq dairəsindədir. Bu kontekstdə bu layihələrin reallaşması Cənubi Qafqazda yerləşən Azərbaycanın, Türkiyənin və Ermənistanın beynəlxalq diqqət mərkəzində olmasına səbəb olur. Bölgədə artıq bu dövlətlərin, eləcə də, böyük güclərin dayanıqlı sülhün təmin olunmasında iqtisadi maraqlarla müşayiət olunan mənafeləri formalaşır. Bu kontekstdə təbii ki, hörmətli Hakan Fidanın dediklərində çox böyük həqiqət var".
İradə Cəlil,Bizimyol.info






