Səudiyyə Ərəbistanında rəsmilər həcc mövsümünə hazırlıq çərçivəsində Kəbənin örtüsünün alt hissəsini 3 metr yuxarı qaldırıblar.
Bizimyol.info xəbər verir ki, Məkkədə yerləşən Mescidül-Haram və Mescid-i Nəbəvi İşləri üzrə Baş İdarənin yaydığı məlumata görə, bu tədbir hər il həcc mövsümü ərəfəsində həyata keçirilir.
Açıqlamada bildirilir ki, örtünün alt hissəsi sökülərək köhnə hissələr ayrılıb, daha sonra 3 metr hündürlüyə qaldırılaraq möhkəmləndirilib.
Proses zamanı Kəbənin alt hissəsinə ağ qoruyucu parça çəkilib, həmçinin xüsusi lampalar yenidən öz yerlərinə quraşdırılıb. Təxminən iki saat davam edən iş 34 mütəxəssis tərəfindən həyata keçirilib.
Qurumun məlumatına görə, bu addımın əsas məqsədi həcc zamanı artan tavaf (Kəbənin ətrafında dövr etmə) zamanı örtünün zədələnməsinin və birbaşa təmasın qarşısını almaqdır.
Qaldırılan hissənin hər tərəfdən təxminən 2 metr enində ağ pambıq parça ilə örtüldüyü və bunun zəvvarların ibadətini daha rahat yerinə yetirməsi üçün görülən illik tədbirlərdən biri olduğu qeyd edilib.
Bizimyol.info






