Rusiya tərəfi Azərbaycana kompensasiya ödəyəcək. Bununla bağlı hər iki ölkə arasında razılıq əldə olunub. Bunu artıq bilirsiniz; Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi bu barədə dünən birgə bəyanat yaydılar.
Birgə bəyanatda deyildiyi kimi, Azərbaycan və Rusiya Prezidentlərinin "Düşənbə şəhərində 9 oktyabr 2025-ci il tarixli görüşü zamanı əldə olunmuş anlaşmaya uyğun olaraq, tərəflər 25 dekabr 2024-cü il tarixində Rusiya Federasiyasının hava məkanında hava hücumundan müdafiə sisteminin qeyri-ixtiyari fəaliyyəti nəticəsində “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus Embraer 190 tipli təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar kompensasiyanın ödənilməsi də daxil olmaqla, qəzadan irəli gələn məsələlərin müvafiq şəkildə həlli barədə razılığa gəliblər".
Yəni əslində anlaşma ən yüksək səviyyədə çoxdan - 5 ay yarım bundan əvvəl qəbul olunub. İndi əldə olunan qarşılıqlı razılıq isə həmin anlaşmanın icrası ilə bağlı addımdır. Bu, Rusiya Hökuməti sədrinin müavini, Azərbaycan-Rusiya birgə hökumətlərarası komissiyasının həmsədri Aleksey Overçukun Bakıya səfəri ərəfəsində danışıqlar üçün uyğun fon yaratmaq üçün də verilmiş qərardır.
Bu yaxınlarda Ermənistanın baş naziri Nikol Paşinyan ilə Moskvada keçirdiyi görüşdə Rusiyanın Prezidenti Vladimir Putin Azərbaycanın adını təsadüfən çəkməmişdi. O, Rusiya ilə Ermənistan arasındakı qarşılıqlı ticarət dövriyyəsinin Rusiya ilə Azərbaycan arasında olan ticarət dövriyyəsindən çox olduğunu xüsusi qeyd eləmişdi. Bu, həm Ermənistanı Rusiyaya daha yaxın tərəfdaş kimi göstərmək, həm də Azərbaycanla münasibətləri irəlilətməyə hazırlıq məqsədləri daşıya bilərdi. Amma burada bir həqiqət də var: Moskva Ermənistanın iqtisadi baxımdan Rusiyadan çox asılı olduğuna, ona görə də yeni geosiyasi seçimlərində çox da uzağa gedə bilməyəcəyinə eyham vurmuşdu. İstənilən halda Cənubi Qafqaz subregionunda əsas tərəfdaşın Azərbaycan olduğu önə çəkilmişdi. Bu, Azərbaycan diplomatiyasının uğuru olmaqla yanaşı Rusiyada Azərbaycanın önəminin dərk edilməsi anlamına da gəlir. Beləliklə, ehtimal edə bilərik ki, Azərbaycanla Rusiya arasındakı münasibıtlərdə yeni səhifə açılır, yeni dövr başlayır.
Azərbaycan və Rusiya diplomatik idarələrinin birgə bəyanatının ruhundan da bu, hiss olunur. Sənəddə bildirilib ki, atılan addımlar "müttəfiqlik qarşılıqlı fəaliyyəti çərçivəsində faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində tərəflərin ortaq səylərini nümayiş etdirir..." Bundan başqa sənəddə deyilir: "Azərbaycan-Rusiya münasibətlərinin qarşılıqlı hörmət, etimad və tərəflərin maraqlarının nəzərə alınması əsasında davamlı inkişafı bundan sonra da mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə və iki ölkənin xalqlarının mənafeyi naminə əməkdaşlığın genişlənməsinə töhfə verəcək".
Bu cümlələr Azərbaycanla Rusiya arasında münasibətlərin bundan sonrasına, yəni gələcək perspektivlər haqqındadır. Sənəddə ifadə olunduğu kimi, münasibətlərin əsasında qarşılıqlı hörmət, etimad və tərəflərin maraqları dayanacaq.
Bəzi təhlilçilər " təyyarə böhranı" zamanı Azərbaycanın öz mövüeyində həddən artıq israr etdiyini deyirdilər. Hadisələrin sonrakı inkişafı, o cümlədən, son birgə bəyanat bu təhlilçilərin səhv etdiklərini bir daha təsdiqlədi. Azərbaycan haqlı mövqedəydi və haqlı mövqedən geri çəkilməməsi təbii və məntiqli idi; nəticəsini də verdi. Çünki Azərbaycan məhz, birgə bəyanatda da yazıldığı kimi, hər zaman Rusiya ilə və bütün başqa dövlətlərlə qarşılıqlı hörmət, etimad və tərəflərin maraqları əsasında münasibətlərin tərəfdarı olub və olaraq qalır. Burdan geri çəkilmək isə bərabərhüquqlu münasibətlərdən imtina etmək olardı. Azərbaycan buna getməzdi və getmədi də.
Seyid Əhmədli, bizimyol.info






