Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əkrəm Həsənov: "Süni intellektin istifadəsini "cəhənnəmlik" görən şəxslər təyyarəyə "şeytan arabası" deyənlərdəndir" - Video
Əkrəm Həsənov: "Süni intellektin istifadəsini "cəhənnəmlik" görən şəxslər təyyarəyə "şeytan arabası" deyənlərdəndir" - Video

Bu günlərdə sosial şəbəkələrdə qarşıma bir video çıxdı. Özünü ilahiyyatçı adlandıran bir şəxs deyirdi ki, süni intellekt dinlə bağlı məlumat almaq aldadıcı ola bilər. Yəni belə məlumatlar insanı çaşdıra bilər və insnaı “cəhənnəmlik edə bilər”. Bu fikir nə dərəcə doğru ola bilər?

İlahiyatçı Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, süni intilektdən istifadənin düzgün olmadığını demək savadsızlıqdır: “Süni intellekt resurslarında böyük mənbələrin xəzinəsi toplanıb. Bütün məlumatlar və materiallar bu sistemdə toplanıb. Süni intellekt həmçinin güclü analiz etmək qabiliyyətinə malikdir. Bu, dünya üçün böyük bir yüksəlişdir. Ancaq insan ondan necə istifadə edirsə o formada da nəticəni əldə edir. Süni intellektdən istifadəyə görə narahat olmaq əsassızdır. Əslində bəzi dar düşüncəli insanlar, inkişafa, tərəqqiyə, yüksəlişə qarşı olanlar yeni vasitələr qarşısında tərəddüd edirlər. Bir müddət sonra isə özləri həmin vasitələrdən həvəslə istifadə edirlər. Bu düşüncə təyyarə görüb onu "şeytan arabası" adlandıran düşüncədir. Yəni, süni intellektin istifadəsini "cəhənnəmlik" görən şəxs bir vaxtlar təyyarəyə "şeytan arabası" deyən şəxslərdən fərqlənmir. Bunu təhqir mənasında demirəm. Əslində din kimi həssas sahədə süni intellektdən istifadə daha effektiv nəticə verir. Çünki, süni intellekt məsləyə daha elmi, səhih mənbələrə dayanan məlumatlar verir”.

İlahiyyatçı qeyd edib ki, bir çox özünü dinə bağlı hesab edən insanlar süni intellektin nə olduğundan xəbərsizdirlər: “Süni intellekt müstəqil düşünən varlıq deyil. Süni intellekt insanın topladığı bilikləri, mənbələri, mətnləri analiz edib təqdim edən bir vasitəçidir. Həm də bəzən çox mükəmməl analiz edir. Biz avtomobildən bir alət kimi bizi daşıması üçün istifadə edirik, bıçaqdan nəyisə kəsmək üçün istifadə edirik, kitabı oxuyub bilik əldə etmək üçün və internetdən müxtəlif məqsədlər üçün istifadə edirik, bütün bunlarla yanaşı süni intilektdən də o formada özümüzün istədiyiniz kimi istifadə edirik”.

“Allahı inkar edən insan özünün istədiklərini alır, Allaha inanan insan da özünün istədiklərini alır. Biz ondan nə istəsək bizim istədiyimizə uyğun bizi yönlədirir. Burada niyyəti də biz özümüz seçirik, Cənnətə və Cəhənnəmə getməyi də özümüz seçirik. "Chat GPT" özlüyündə nə hidayət verir, nə də azdırır. Onu istifadə edən insanın niyyəti və savadı nəticəni müəyyən edir.

Quranda çox açıq bir prinsip var. “Bilmədiyin şeyin ardınca getmə” buyurulur (İsra 36). Bu ayə göstərir ki, insan istənilən məlumatı yoxlamadan qəbul etməməlidir. Bu qayda təkcə süni intellektə yox, hər şeyə aiddir. Əgər bir insan eşitdiyi hər sözü düşünmədən qəbul edirsə, onu azdıran Çat GPT yox, onun öz məsuliyyətsiz yanaşmasıdır.

Digər tərəfdən Quran düşünməyi təşviq edir. “Onlar sözə qulaq asar, ən gözəlinə tabe olarlar” (Zümər 18). Bu ayə bizə deyir ki, insan müxtəlif fikirləri eşitməli, sonra ən doğrusunu seçməlidir. Bu gün süni intellekt də bu baxımdan bir vasitədir. Süni intellekt sadəcə fərqli baxışları təqdim edir, amma seçimi yenə insan edir.

Peyğəmbər (s.ə.s) buyurur ki, elm axtarmaq hər bir müsəlmana vacibdir. Tarix boyu alimlər müxtəlif mənbələrdən istifadə ediblər. Kağız çıxanda da etiraz edənlər olmuşdu, çap maşını çıxanda da, internet gələndə də. Amma bu vasitələr sonradan elmin yayılmasına xidmət etdi. Bu gün süni intellekt də eyni kateqoriyadadır. İnsana çox kömək edir”-deyə ilahiyyatçı bildirib.

“İmam Qəzali elm əldə etməyin yollarından danışarkən deyirdi ki, insan məlumatı mənbə, ağıl və təcrübə ilə yoxlamalıdır. Bu yanaşma bu gün də aktualdır. İbn Teymiyyə də qeyd edirdi ki, haqqı tanımaq üçün vasitə yox, meyar əsasdır. Yəni alət deyil, ölçü vacibdir. Ölçü isə Quran, sünnə və sağlam ağıl olmalıdır.

İlahiyyatçı vurğulayıb ki, müasir elmdə də bu məsələ araşdırılır. Psixologiya və neyrobiologiya göstərir ki, insan informasiyanı passiv qəbul etdikdə daha tez yanılır, amma müqayisə və analiz etdikdə daha düzgün nəticəyə gəlir. Süni intellekt isə əslində müqayisə imkanını artırır. Yəni düzgün istifadə ediləndə insanın düşünmə imkanını zəiflətdiyi yox, əksinə gücləndirdiyi müşahidə olunur”-deyə Əkrəm Həsənov qeyd edib.

İlahiyyatçının fikrincə, əsas problem vasitə yox, istifadə mədəniyətidir: “Sosial şəbəkələrdən hərə özü üçün öz istədiyi kimi istifadə edir. Məsələn; TikTok platformasında əxlaqsızlıq və s. kimi paylaşımlarla yanaşı, elmi-mədəni, hətta dini paylaşımlar da var. İnsanın özündən asılıdır ki, onu necə istifadə edir. Əgər bir insan dini sualı yalnız bir mənbədən alıb hökm verirsə, bu davranış klassik üsulla da səhvdir. Bu gün bir kitab oxuyub yanlış nəticəyə gələn insan da var. O zaman kitabı haram sayaq? Xeyr. Problem kitabda deyil.

“Süni intellekt insanı cəhənnəmə aparar” kimi ifadələr daha çox qorxu üzərindən qurulan yanaşmadır. Halbuki, İslam düşüncə üzərində qurulur. Allah insana ağıl verib və bu ağlı işlətməyi tələb edir. Əgər bir insan heç nəyi yoxlamadan, kor-koranə qəbul edirsə, bu da artıq fərdi məsuliyyətdir.

Digər tərəfdən süni intellektdən düzgün istifadə edən insan dini mövzuları daha geniş öyrənə bilər. Məsələn bir ayənin təfsirini fərqli alimlərdən müqayisə edə bilər. Bu isə klassik dövrdə hər kəs üçün əlçatan deyildi.

Belə deyə bilərəm ki, süni intellekt nə şeytandır, nə də xilaskar. Süni intellekt sadəcə bir alətdir. Onu istifadə edən insanın niyyəti, biliyi və yanaşması nəticəni müəyyən edir. İslam isə alətləri yox, insanın seçimlərini qiymətləndirir. Ona görə də məsələni bu cür qoymaq daha doğrudur. Sual, "süni intellekt insanı azdırırmı?"deyil. Sual budur ki, "insan aldığı məlumatı necə dəyərləndirir?" Əgər ölçü varsa, problem yoxdur. Əgər ölçü yoxdursa, istənilən vasitə insanı yanlış yola apara bilər.

Bu gün düzgün yanaşma qorxu yaymaq yox, maarifləndirməkdir. İnsanlara demək lazımdır ki, öyrənin, müqayisə edin, soruşun, araşdırın. Çünki İslamın ilk əmri “oxu”dur. Bu əmri daraltmaq yox, genişləndirmək lazımdır. Mən özüm süni intellektdən istifadə edirəm və çox razıyam. Süni intellekt heç vaxt mənə Cəhənnəmə gedəcək əməllər əmr eləmir, əksinə pislikləri qadağan edir və faydalı olanları tövsiyə edir. Yəni, süni intellekt bizi Cəhənnəmə yox, Cənnətə aparır. İstifadə eləmək vacibdir”.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »