Pişiklərin əmrləri yerinə yetirməyə həvəsli olmamaları onların öyrənməyə istəksiz və ya aşağı zəkaya malik olduqları anlamına gəlmir. Öyrənmənin zəka ilə əlaqəli bir anlayış olduğunu nəzərə alsaq, pişiklərin itlərdən daha az ağıllı olması doğru deyil.
Pişiklərdə öyrənmə müşahidə yolu ilə baş verir. Balaları kimi pişiklər analarını izləyərək yeməyi, harada tualetə getməyi, oynamağı, ov etməyi və təmizlənməyi öyrənirlər. Bu öyrənmə forması onların zəkasının göstəricisidir. Bundan əlavə, pişiklər problem həll etməkdə olduqca bacarıqlıdırlar.
Pişiklərin beyinləri insanlar və itlərlə müqayisədə bədənlərinə nisbətən kiçikdir. Lakin beynin ölçüsü onların zəkasında müəyyənedici amil deyil. Tədqiqatlar göstərir ki, pişiklərin qısamüddətli yaddaşı çox güclüdür və uzunmüddətli məlumatları yaddaşlarında saxlamaqda itlərdən daha ustadırlar. Onlar son 15 saat ərzində yaşadıqları hər şeyi xatırlaya bilirlər və insanları, yerləri uzun müddət görməsələr belə yadlarında saxlayırlar. Lakin unutma pişiyin həyatının sonrakı illərində baş verən təbii bir prosesdir.
Bütün canlılar kimi, pişiyin də zəkasını artırmaq mümkündür. Bunun üçün yaxşı qulluq, rahat yaşayış şəraiti və düzgün qidalanma vacibdir. Zehni məşq təmin edən pişik oyuncaqları da onların zəkasını inkişaf etdirmək üçün istifadə edilməlidir. Hər canlı özünü rahat və dinc hiss etdikdə öyrənməyə və inkişafa açıq olur. Pişiklər isə rahatlığı sevdikləri üçün zəkaları da belə mühitdə daha yaxşı inkişaf edir. Pişiyinizlə oyun oynamaq da onların problem həll etmə bacarıqlarını artırır və zəkalarını inkişaf etdirir.
- Pişiyinizin ağıllı olduğunu necə bilmək olar?
Əgər bir pişik maraqlıdır və hər şeyi araşdırmağa çalışırsa, bu onun ağıllı olduğunu göstərir. İnsanlarda olduğu kimi, maraq pişiklərdə də zəkanın göstəricisidir. Ona görə də, əşyalarınızı axtarması və nadinc davranması sizi narahat etməməlidir.
Pişiklərin sosial zəkası itlər qədər inkişaf etməyib, buna görə də sizin reaksiyalarınız onlar üçün həlledici deyil. Bununla belə, sahibi ilə birbaşa ünsiyyət qurmağa, istək və ehtiyaclarını ifadə etməyə çalışan pişiklər ağıllı hesab olunur. Yaddaş da onların zəkası haqqında məlumat verir: ağıllı pişiklər evə gələn insanları tanıyır və əşyaların yerini unutmurlar.
Pişiyinizin ağıllı olub olmadığını başa düşməyin digər yolu onun problem həll etmə bacarığıdır. Əgər pişiyiniz qarşısına çıxan maneəni aşmağa və onu həll etməyə çalışırsa, bu onun kifayət qədər ağıllı olduğunu göstərir. Lakin pişiklər ümumiyyətlə bu zəkadan evdən qaçmaq, məişət əşyalarını oyuncağa çevirmək və sahiblərinin diqqətini cəlb etmək kimi sahələrdə istifadə edirlər.
İradə Cəlil, Bizimyol.info






