İsrail Hərbi Hava Qüvvələri İranın mərkəzi və qərb bölgələrində yerləşən hərbi obyektlərə genişmiqyaslı hava zərbələri endirib. Tehran, İsfahan, Kərəc və Təbrizdə partlayış səslərinin eşidildiyi bildirilir. İran tərəfi isə cavab olaraq İsrail istiqamətinə azı 20 ballistik raket atıldığını, onların əksəriyyətinin zərərsizləşdirildiyini və ya açıq ərazilərə düşdüyünü açıqlayıb. Rəsmi bəyanatlara görə, gərginliyin növbəti günlərdə də davam etməsi və münaqişənin yenidən genişlənməsi ehtimalı istisna edilmir.
- ABŞ–İsrail və İran arasında gərginlik yenidən tammiqyaslı müharibəyə çevrilə bilərmi?
Siyasi şərhçi Mərahim Nəsib Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İsrailin İran ərazisində, xüsusilə Tehran, İsfahan, Kərəc və Təbriz istiqamətlərində hərbi hədəflərə zərbələr endirməsi və İranın buna ballistik raketlərlə cavab verməsi bölgədə aprel ayında formalaşan kövrək sabitliyin faktiki olaraq pozulduğunu göstərir.
Onun sözlərinə görə, tammiqyaslı müharibə ehtimalını tamamilə istisna etmək mümkün deyil. Lakin hazırkı mərhələdə tərəflərin davranışı daha çox “nəzarətli eskalasiya” modelinə bənzəyir. Həm İsrail, həm də İran qarşı tərəfə strateji siqnallar göndərir, lakin hələlik rəqibin dövlət və hərbi idarəetmə sistemini iflic etməyə yönəlmiş genişmiqyaslı kampaniyaya keçid müşahidə olunmur.
“Bununla belə, risk son dərəcə yüksək olaraq qalır. Xüsusilə İranın regiondakı müttəfiq qüvvələrinin – Livan, İraq, Yəmən və digər istiqamətlərdə fəaliyyət göstərən silahlı qrupların prosesə daha fəal qoşulması münaqişəni regional müharibə mərhələsinə keçirə bilər. Bu halda ABŞ-nin də birbaşa və ya dolayı şəkildə prosesə cəlb olunması ehtimalı artacaq. İran rəsmilərinin ABŞ bazalarını mümkün hədəf kimi göstərməsi də bu riskin mövcudluğunu təsdiqləyir”, – deyə siyasi şərhçi vurğulayıb.
Mərahim Nəsib hesab edir ki, ABŞ-nin mövqeyi prosesdə həlledici amillərdən biridir. Vaşinqton hazırda genişmiqyaslı regional müharibədə maraqlı görünmür və diplomatik kanalları açıq saxlamağa çalışır. Bu səbəbdən yaxın günlərdə beynəlxalq vasitəçilərin, xüsusilə Qətər və Türkiyə ilə birlikdə ABŞ-nin gərginliyin azaldılması istiqamətində səylərinin artacağı gözlənilir.
“Yaxın perspektivdə ən real ssenari tərəflər arasında qarşılıqlı zərbələrin müəyyən müddət davam etməsi, lakin tammiqyaslı müharibəyə keçidin diplomatik və geosiyasi məhdudiyyətlər vasitəsilə qarşısının alınmasıdır. Ancaq hər hansı ciddi insan itkisi, strateji obyektin vurulması və ya ABŞ qüvvələrinin hədəfə çevrilməsi vəziyyəti çox sürətlə yeni və daha təhlükəli mərhələyə keçirə bilər. Buna görə də hazırkı vəziyyəti “müharibə astanasında olan idarəolunan eskalasiya” kimi xarakterizə etmək olar”, – deyə Mərahim Nəsib bildirib.
İradə Cəlil, Bizimyol.info






