Bakının Baş Planına uyğun olaraq şəhərin müxtəlif ərazilərində söküntü və yenidənqurma işləri davam edir. Bu proses həm parklar, sosial obyektlər və yol infrastrukturunun yaradılmasını, həm də köhnə tikililərin yerində yeni yaşayış binalarının inşasını əhatə edir. Söküntü zamanı vətəndaşların mənzil təminatı və kompensasiya məsələləri aktuallıq kəsb edir.
Deputat Vüqar Bayramov həmçinin bildirib ki, sahəsi 30 kvadratmetrə qədər olan mənzillər üçün kompensasiya məbləğinin xüsusi əmsalla artırılması təklif olunur ki, vətəndaşlar yeni mənzil almaqda çətinlik çəkməsin.
- Kompensasiyası vətəndaşların yeni ev almasına yetəcəkmi?
Bu barədə Bizimyol.info xəbər portalına danışan əmlak eksperti Anar Nəsirov bildirib ki, çox hallarda vətəndaşlar ayrılan pul ilə Bakıda özlərinə uyğun mənzil ala bilmirlər: “Əslində Bakı şəhərinin 2040-cı ilə qədər olan Baş Planına əsasən, demək olar ki, şəhərin bir çox yerlərində söküntü işləri iki mərhələdə aparılır. Birinci mərhələ dövlət əhəmiyyətli obyektlərin tikintisi üçün, yəni dövlətə lazım olan torpaqlarda həyata keçirilən söküntüləri əhatə edir. İkinci mərhələ isə istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan yararsız binaların sökülərək, onların yerində pilot layihələr çərçivəsində yeni tikinti işlərinin aparılmasıdır.
Məqsəd şəhərin daha da müasirləşdirilməsi və müasir standartlara cavab verən hündürmərtəbəli binaların inşasıdır.
Deməli, birinci mərhələ dedikdə dövlət tərəfindən həyata keçirilən söküntülər nəzərdə tutulur. Bu söküntülər adətən parklar, yollar, metro stansiyaları, tramvay xətləri və digər dövlət əhəmiyyətli obyektlərin tikintisi üçün aparılır. Həmin ərazilərə düşən evlər sökülür və vətəndaşlara kompensasiya ödənilir.
Bəli, nəzərə alsaq ki, bu tikinti dövlət əhəmiyyətli obyektdir, kompensasiya dövlətin müəyyən etdiyi qiymət əsasında vətəndaşa ödənilir. Lakin, məsələn, sahəsi 30 kvadratmetr olan mənzil üçün ödənilən kompensasiya ilə vətəndaş həmin ərazidə və ya ona yaxın yerlərdə bənzər mənzil ala bilmir. Yəni,ə kvadrat sahəsi az olduğundan həmin pul birbaşa eyni və ya oxşar ölçüdə mənzil almağa yetmir. Tikinti şirkətləri isə, adətən, belə hallarda vicdanlı yanaşırlar.
Məsələn, özəl şirkət həmin binanın yerində yeni tikinti apararkən, balaca mənzilləri sökülən vətəndaşlara xüsusi güzəştlər tətbiq edir. Bu güzəştlər adətən sahəsi 30 kvadratmetr olan mənzillər üçün 40-45 kvadratmetr yeni mənzillərin verilməsi ilə həyata keçirilir. Amma dövlət layihələrində vəziyyət fərqlidir. Burada söhbət hər hansı binadan qazanc əldə etməkdən getmir, kompensasiya yalnız dövlət tərəfindən müəyyən edilmiş məbləğ əsasında ödənilir. Təəssüf ki, çox hallarda vətəndaşlar ayrılan pul ilə Bakıda özlərinə uyğun mənzil ala bilmirlər”.
Anar Nəsirov həmçinin qeyd edir ki, kiçik mənzillər üçün bazar qiymətinə uyğun xüsusi kompensasiya nəzərdə tutulsa, vətəndaşlar heç olmasa bir otaqlı mənzil ala bilərlər: “Çox yaxşı olardı ki, kvadratmetr sahəsi az olan mənzil sahiblərinə xüsusi imtiyazlar tətbiq olunsun. Bu, onların yaxın ətrafda və ya Bakı şəhərinin digər hissələrində özlərinə bənzər mənzil alaraq yaşamağa başlamasına imkan versin. Böyük kvadratlı mənzillərdən fərqli olaraq, kiçik mənzillər üçün bazar qiymətinə uyğun pul verilsə, vətəndaşlar kompensasiyadan səmərəli şəkildə istifadə edə bilərlər.
Hazırkı bazar şəraiti ilə dövlətin apardığı aparılan söküntülər zamanı çox vaxt vətəndaşlar aldqları kompensasiya ilə yeni mənzil ala bilmirlər, çünki vəsait kifayət etmir. Bunun üçün bir neçə mexanizm tətbiq oluna bilər.
Xüsusilə dövlət xüsusi ayrılmış yerlərdə hündürmərtəbəli binalar tikərək vətəndaşları ora köçürə bilər. Bu həm dövlətin öz maliyyəsinə qənaət etməsinə, həm də vətəndaşların mənzil problemini həll etməsinə imkan verər. O biri tərəfdən, kiçik mənzillər üçün bazar qiymətinə uyğun xüsusi kompensasiya nəzərdə tutulsa, vətəndaşlar heç olmasa bir otaqlı mənzil ala bilərlər. Yəni, 30 kvadratmetrdən az olan mənzil sahiblərinə xüsusi imtiyazlar tanınsa, onlar rahat şəkildə yeni ev ala bilərlər və mövcud kompensasiya məbləği bazar qiymətinə uyğunlaşdırılmış olar”.
Anar Nəsirov əlavə edib: “Əslində, bu güzəştlər hündürmərtəbəli bina tikən özəl şirkətlər arasında tətbiq olunur. Məsələn, 30 kvadratmetrdən az sahəsi olan, 20-22-28 kvadratlıq mənzillərə sahib vətəndaşlar üçün şirkətlər xüsusi güzəştlər tətbiq edir. Həmin vətəndaşlar üçün binada kiçik mənzillər olmadığından, adətən onlara 40-45 kvadratmetrlik mənzillər verilir.
Bütün hallarda bunu hamıya şamil etmək mümkün olmasa da, əksər hallarda şirkətlər vicdani yanaşaraq, vətəndaşları evsiz qoymamaq üçün əlavə kvadrat daxil olmaqla mənzil təmin edirlər. Bina tikilənə qədər isə vətəndaşlara kirayə pulu ödənilir. Binanın tikintisi tamamlandıqdan sonra vətəndaş yeni mənzilə köçürülür və kirayə pulu dayandırılır”.
Günel Həsənova, Bizimyol.info






