Avstraliya hökuməti qumar reklamını sərtləşdirəcək və sahə operatorlarına nəzarəti gücləndirəcək. Məqsəd əhalini, xüsusilə uşaqları və gəncləri qorumaqdır.
Bizimyol.info xəbər verir ki, bunu ölkənin baş naziri Entoni Albanese açıqlayıb. O bildirib ki, yeni tədbirlər qumarın zərərini azaltmaq və uşaqların bu sahəyə təsirini məhdudlaşdırmaq üçündür.
“Biz balansı tapmağa çalışırıq: yetkinlər istəyirlərsə, mərc edə bilərlər, amma uşaqlar hər yerdə qumar reklamına məruz qalmamalı və idmanla qumarın eyni olduğunu düşünməməlidirlər”, - deyə Baş nazirin ofisindən yayılan bəyanatda qeyd edilir.
Hökumətin təşəbbüsü ilə qumar reklamına ciddi məhdudiyyətlər qoyulacaq:
- Gündüz saatlarında idman tədbirlərinin canlı yayımları zamanı reklam tam qadağan ediləcək.
- Radio proqramlarında səhər və günorta saatlarında, uşaqların məktəbdən evə gəldiyi zaman reklam göstərilməyəcək.
- İnternetdə qumar reklamı yalnız 18 yaşdan yuxarı qeydiyyatdan keçmiş istifadəçilərə göstərilə biləcək və onlara reklamı görməmək imkanı veriləcək.
- Tanınmış şəxslərin və idmançıların qumar reklamında iştirakı qadağan ediləcək.
Bundan əlavə, hökumət onlayn lotereyalara nəzarəti gücləndirəcək və bəzi rəqəmsal oyun formatlarını qadağan edəcək.
Qanun layihəsinin yaxın zamanda hazırlanması və tədbirlərin 1 yanvar 2027-ci il tarixindən qüvvəyə minməsi gözlənilir.
Qadir, Bizimyol.info






