Ərazi minalardan təmizləyərkən partlayıcı sursatların işə düşməsi nəticəsində həlak olan minatəmizləyənlərin ailələrinə Prezident təqaüdü veriləcək. Təqaüdün məbləği 700 manatdır. Bununla bağlı dövlət başçısı İlham Əliyev fərman imzalayıb.
Fərmanda deyilir ki, həmin təqaüd həlak olmuş minatəmizləyənin ailə üzvlərinə veriləcək. Fərmanda yazılır: "Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü:
2.1. minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənin aşağıda göstərilən ailə üzvlərinə (təqaüd məbləği onların sayına uyğun bərabər hissələrə bölünməklə) ödənilir:
2.1.1. dul arvadına (ərinə), valideynlərinə;
2.1.2. 18 yaşına çatmamış (peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrində təhsil alanlara isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına;
2.1.3. birinci növbədən digər qohumları olmayan baba və nənələrinə".
Həmçinin fərmanln geriyə qüvvəsi də var: bu Prezident minatəmizləmə zamanı indiyədək həlak olmuş minatəmizlənlərin ailələrinə də veriləcək. Bununla bağlı fərmanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, eləcə də, Nazirlər Kabinetinə konkret tapşırıqlar verilib.
Bu, əlbəttə, çox humanist bir qərardır; minatəmizləyənlər də Vətən torpağını azad etmək uğrunda vuruşan hərbi qulluqçular kimidir; bərabər olmasalar da, oxşar missiya daşıyırlar. Minatəmizləyənlər təkcə müharibə dövrünün deyil, həm də və ən çox postmüharibə dövrünün əsgərləridir.
Müharibə illərində əslində Azərbaycana qarşı düşmənin iki ordusu vuruşub. Biri yerin üstündəki hərbçilərdən ibarət ordu, o birisi torpağın altındakı partlayıcı sursatlar. Silahlar təkcə yerin üstündə atəşlənmirdi, torpağa basdırılmış minalar da ölüm saçırdı və saçır da.
Qarabağ müharibəsinin ikinci fazası qələbə ilə başa çatsa da, o, şüurlarda hələ də inersiya ilə davam edir. Hələ də insanlar minaların partlaması nəticəsində həlak olurlar, şikəst qalırlar. O cümlədən, minatəmizləyənlər həyatını itirir, onların ailələri başsız qalır. Elə ailələr var, evə qazanc gətirən tək adam ailənin başçısıdır. Bu səbəbdən həyatını itirən minatəmizləyənin ailəsinə prezident təqaüdü verilməsi təqdirəlayiq bir addımdır.
Minatəmizləmə, dediyim kimi, hərbi xidmət kimi risqli, ağır işdir; hər an ölüm və yaralanma təhlükəsi var. Bu işlə məşğul olan insanların həm özlərinin təminatı gərək yüksək səviyyədə olsun, həm də həlak olan minatəmizləyənin ailəsi sosial qarantiya altına alınsın. Həyatı ilə risq edərək, torpaqları öldürücü sursatlardan təmizləyən insanın gözü arxada qalmasın deyə dövlət belə addımlar atır. Bu da cəmiyyətdə, xüsusilə minatəmizləyənlərdə, belə ağır və mühüm işə könül vermiş hər kəsdə, onların ailələrində, təbii ki, razılıqla qarşılanır.
S.Əhmədli, bizimyol.info






