Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İngiltərədə 1,2 milyon insana ürək-damar riskini azaltmaq üçün arıqlama dərmanları təklif olunacaq
İngiltərədə 1,2 milyon insana ürək-damar riskini azaltmaq üçün arıqlama dərmanları təklif olunacaq

İngiltərədə Milli Səhiyyə Xidməti (NHS) bir milyondan çox insana infarkt və insult riskini azaltmaq məqsədilə arıqlama dərmanları təklif edəcək.

Bizimyol.info xəbər verir ki, "semaglutid" (Wegovy) artıq piylənmədən əziyyət çəkən bəzi şəxslər üçün səhiyyə sistemində mövcuddur və həmçinin 2-ci tip diabetin müalicəsi üçün "Ozempic" brendi altında istifadə olunur.

İndi isə piylənmə diaqnozu olmayan, lakin artıq çəkili və ciddi ürək-damar riski daşıyan şəxslər də həftəlik inyeksiyalardan yararlana biləcəklər. Bu qərar müvafiq nəzarət qurumunun razılığından sonra qəbul edilib.

Milli Səhiyyə və Qulluq üzrə Mükəmməllik İnstitutu (NICE) bildirib ki, bədən kütlə indeksi (BKİ) 27 və daha yüksək olan, əvvəllər infarkt, insult və ya ayaqlarda ciddi qan dövranı problemi yaşamış şəxslərə həyat üçün təhlükəli ürək-damar hadisələrinin qarşısını almaq üçün semaglutid təklif edilməlidir.

NHS "England"ın məlumatına görə, təxminən 1,2 milyon insan bu müalicədən faydalana bilər.

Həftəlik inyeksiyalar artıq istifadə olunan dərmanlara (məsələn, statinlərə) əlavə olaraq təyin ediləcək və aşağı kalorili pəhriz və artan fiziki aktivliklə birlikdə tətbiq olunacaq.

Klinik tədqiqatlar göstərib ki, "semaglutid" infarkt, insult və ürək-damar səbəbli ölüm riskini azaldır. Ən önəmlisi isə bu təsirin əhəmiyyətli çəki itkisi baş verməzdən əvvəl müşahidə olunmasıdır ki, bu da dərmanın yalnız çəki azaltmaqla deyil, birbaşa ürək və qan damarlarına təsir etdiyini göstərir.

London Universitet Kollecinin (UCL) tərəfindən aparılan genişmiqyaslı araşdırma da təsdiqləyib ki, "semaglutid" insanların neçə kilo çəki itirməsindən asılı olmayaraq infarkt və insult riskini azaldır. The Lancet jurnalında dərc olunan nəticələr dərmanın yalnız piylənmə ilə məhdudlaşdırılmamalı olduğunu göstərir.

Əvvəlki təhlillər dərmanın ciddi ürək hadisələri riskini 20% azaltdığını göstərmişdi. Son araşdırmalar isə bu təsirin çəki itkisindən asılı olmadığını ortaya qoyub.

NICE-in dərman qiymətləndirilməsi üzrə direktoru Helen Knight bildirib ki, UCL tədqiqatının nəticələri “çox inandırıcıdır”. Onun sözlərinə görə, "semaglutid"i mövcud ürək dərmanları ilə birlikdə qəbul edən şəxslərdə təkrar infarkt və ya insult riski əhəmiyyətli dərəcədə azalır. “Artıq infarkt və ya insult keçirmiş insanlar bunun yenidən baş verəcəyi qorxusu ilə yaşayırlar. Bu qərar belə vəziyyətdə olan minlərlə insana əlavə qoruma imkanı yaradır”, - deyə o əlavə edib.

Qeyd olunub ki, bu hələ ilkin tövsiyədir, lakin NHS rəsmiləri yeni kateqoriyaya aid şəxslərin dərmana “bir neçə ay ərzində” çıxış əldə edəcəyini bildiriblər.

NHS İngiltərənin ürək-damar xəstəliklərinin profilaktikası üzrə klinik direktoru Helen Uillyam deyib ki, bu müalicə yüksək risk qrupunda olan bir milyondan çox insan üçün “həyat dəyişdirici” ola bilər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »