ABŞ-lı milyarder Elon Mask 24 mart tarixində ABŞ Prezidenti Donald Tramp və Hindistan Baş Naziri Narendra Modi arasında baş tutan telefon danışığında iştirak etməyib.
Bizimyol.info xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Əvvəlcə "The New York Times" qəzeti liderlərin danışığında Maskın da iştirak etdiyini iddia edirdi ki, bu da onun Tramp ilə münasibətlərinin yenidən yaxşılaşdığını göstərirdi.
"Biz bu yayımlanan məlumatla tanış olduq. 24 mart tarixindəki telefon danışığı yalnız Baş Nazir Narendra Modi və Prezident Donald Tramp arasında baş tutub. Daha əvvəl də qeyd olunduğu kimi, bu danışıq Yaxın Şərqdəki vəziyyətlə bağlı fikir mübadiləsi aparmaq imkanı verdi", - deyə Hindistan XİN-i açıqlama verib.
NYT-nin yazısında Maskun şirkətlərinin Səudiyyə Ərəbistanı və Qətər də daxil olmaqla bir neçə Yaxın Şərq ölkəsindən böyük investisiyalar cəlb etdiyi vurğulanır. Məqalədə həmçinin Maskın uzun müddətdir Hindistanda biznes fəaliyyətini genişləndirməyə çalışdığı qeyd olunur.
24 martda ABŞ-ın Hindistandakı səfiri Serxio Gorn bildirib ki, ABŞ lideri və Hindistan baş naziri telefon danışığında Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər, "o cümlədən Hörmüz boğazının açıq qalmasının əhəmiyyətini" vurğulayıblar. Daha sonra Modi açıqlayıb ki, o və ABŞ Prezidenti sülh və stabilliyin təmin olunması məsələlərində əlaqəni qoruyacaqlar.
Mask 2025-ci ildə bir neçə ay ərzində ABŞ hökumətində işin səmərəliliyinin artırılması üzrə agentliyə (DOGE) rəhbərlik etmiş və xüsusi statusla dövlət xidmətçisi kimi fəaliyyət göstərmişdi. O, faktiki olaraq ABŞ Prezidentinin yaxın çevrəsinə daxil idi.
Buna baxmayaraq, ABŞ mətbuatına görə, zamanla prezident və iş adamı arasında bir sıra səbəblər – o cümlədən Maskın biznes maraqları ilə bağlı – münasibətlər pozulub. Dövlət xidmətindən çıxandan sonra Mask 5 iyun 2025-ci ildə Trump ilə sosial şəbəkələr vasitəsilə açıq mübahisə edib. Daha sonra o, ABŞ liderinə qarşı sərt ifadələrinə görə peşman olduğunu bildirib. Sentyabr ayında isə onlar aktivist Çarli Kirk ilə vida mərasimində bir araya gəliblər. Oktyabrın sonunda ABŞ Prezidenti bildirib ki, əvvəlki mübahisəyə baxmayaraq, Maskla münasibətləri yaxşıdır.
Bizimyol.info






