Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ İrandan sülh təklifinə cavab gözləyir
ABŞ İrandan sülh təklifinə cavab gözləyir

ABŞ İrana qarşılıqlı sülhə nail olmaq üçün hazırlanmış 15 bəndlik detallı təklif təqdim edib və hazırda Tehran tərəfinin cavabını gözləyir.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff bildirib.

“Bizim masamızda 15 bəndlik bir təklif var və bu, bir müddətdir ki, İran tərəfinə təqdim edilib. Biz onların cavabını gözləyirik və bu, bütün məsələləri həll edər deyə düşünürük. Bu, uranın zənginləşdirilməsi məsələsini də həll edər, çünki hazırda biz orada zənginləşdirilməyə imkan verə bilmərik”, — deyə Vitkoff vurğulayıb.

Vitkoffun sözlərinə görə, bu təklif eyni zamanda material ehtiyatlarının həcmi məsələsini də həll edər. Belə ki, İranda demək olar ki, 10 min kiloqram zənginləşdirilmiş uran toplanıb və ABŞ tərəfinin tələbi ilə Tehran bundan imtina etməlidir. “Bu, həm ehtiyatlar, həm də nəzarət məsələsini həll edər. Bu baxımdan, bütün bunlar bizim üçün "qırmızı xətt" sayılır”, — deyə o əlavə edib.

ABŞ Prezidentinin xüsusi nümayəndəsi bu həftə İran tərəfi ilə görüşlərin keçirilməsinin istisna olunmadığını qeyd edib. Vitkoff həmçinin ABŞ Prezidenti Donald Trampın İranla konflikti sülh yolu ilə həll etməyə çalışdığını, lakin “güc vasitəsilə sülh” prinsipinə də sadiq olduğunu vurğulayıb.

“Düşünürəm ki, prezident sülh sazişi istəyir. Amma o həmçinin inanır — mən də buna inanıram — ki, "güc vasitəsilə sülh" mümkündür. Təzyiq olmadan heç kimi danışıqlar masasına oturtmaq mümkün deyil. Bu halda biz kifayət qədər qüvvələrdən istifadə etməliyik. Orada böyük bir donanma qrupumuz var, lakin buna baxmayaraq, biz məsələləri diplomatik yolla həll etməyə hazırıq”, — deyə o bildirib.

Vitkoff əlavə edib ki, Vaşinqton İranın dağılmasını istəmir, ölkənin sabitliyinə mane olan siyasəti əngəlləmək və İran xalqının rifahını təmin etmək istəyir. “Biz İranın dağılmasını istəmirik. Oradakı insanlar çox yaxşı insanlardır. Onların inkişafını, ölkənin çiçəklənməsini və aktiv iqtisadi fəaliyyətini görmək istəyirik. Biz sadəcə onların yaratdığı destabilizasiyaedici qüvvələri dəstəkləmək istəmirik. Qeyri-dövlət hərbi qruplarına və ya könüllü hərbi dəstələrə dəstək vermək istəmirik. Düşünürəm ki, bunlar baş verərsə, daha yaxşı olar. Bundan əlavə, Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin normallaşması kimi əlavə faydalar da əldə edə bilərik. Bütün bunlar bizim məqsədimizdir”, — deyə Vitkoff bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »