ABŞ-da davam edən qismən hökumət bağlanması (şatdaun) fonunda tanınmış amerikalı sahibkar İlon Mask diqqətçəkən təşəbbüslə çıxış edib. O, ölkə üzrə aeroportlarda çalışan və həftələrdir maaş ala bilməyən Nəqliyyat Təhlükəsizliyi İdarəsinin (NTİ) əməkdaşlarının əməkhaqlarını şəxsən ödəməyi təklif edib.
Bizimyol.info xəbər verir ki, Mask bu barədə "X" sosial şəbəkəsində etdiyi paylaşımda qeyd edib. Milyarder bildirib ki, mövcud maliyyə böhranı bir çox amerikalının həyatına ciddi təsir göstərir: “Bu çətin dövrdə, ölkə üzrə aeroportlarda çalışan NTİ əməkdaşlarının maaşlarını ödəməyi təklif etmək istərdim”, – deyə o qeyd edib.
Daha əvvəl Ağ Ev tərəfindən verilən məlumata görə, Pittsburq Beynəlxalq Hava Limanı ərazisində maaşlarını ala bilməyən NTİ və Gömrük və Sərhəd Mühafizəsi Xidməti əməkdaşları üçün xüsusi ərzaq bankı təşkil olunub.
Qeyd edək ki, ABŞ-da qismən şatdaun artıq 40 gündən çoxdur davam edir və bu vəziyyət minlərlə dövlət işçisinin maliyyə durumuna mənfi təsir göstərməkdədir.
Bizimyol.info






