Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müharibənin yeni mərhələsi: ABŞ Yaxın Şərqə minlərlə hərbçi göndərməyə hazırlaşır
Müharibənin yeni mərhələsi: ABŞ Yaxın Şərqə minlərlə hərbçi göndərməyə hazırlaşır

ABŞ prezidenti Donald Trampın administrasiyası İrana qarşı apardığı hərbi kampaniyanı gücləndirmək məqsədilə Yaxın Şərqə minlərlə amerikalı hərbçi göndərmək imkanını nəzərdən keçirir.

Bizimyol.info xəbər verir ki, bu barədə "Reuters" məlumatlı mənbələrə istinadən xəbər verir.

Bildirilir ki, bu addım Trampa İrana qarşı əməliyyatların genişləndirilməsi ilə bağlı qərar qəbul edərkən əlavə seçim imkanları verə bilər.

Müzakirə olunan variantlardan biri Hörmüz boğazından neft tankerlərinin təhlükəsiz keçidinin təmin edilməsidir. Mənbələrin sözlərinə görə, bu missiya əsasən hava və dəniz qüvvələri vasitəsilə həyata keçiriləcək. Lakin boğazın təhlükəsizliyinin təmin edilməsi ABŞ qüvvələrinin İran sahillərində yerləşdirilməsini də nəzərdə tuta bilər.

Bundan əlavə, Tramp administrasiyası İranın neft ixracının 90%-nin həyata keçirildiyi Xarq adasına quru qoşunlarının göndərilməsi variantını da müzakirə edib. Rəsmilərdən biri belə əməliyyatın olduqca riskli olduğunu vurğulayıb, çünki İran raket və pilotsuz uçuş aparatları ilə adaya zərbə endirə bilər.

Eyni zamanda, hətta məhdud miqyaslı da olsa, ABŞ quru qoşunlarının istifadəsi Tramp üçün ciddi siyasi risklər yarada bilər. Buna səbəb ABŞ ictimaiyyətində İran kampaniyasına dəstəyin aşağı olması və Trampın seçkiqabağı kampaniyada ölkəni Yaxın Şərqdə yeni münaqişələrə cəlb etməmək vədi verməsidir.

Mənbələrdən birinin sözlərinə görə, administrasiya həmçinin İranın yüksək zənginləşdirilmiş uran ehtiyatlarının təhlükəsizliyini təmin etmək üçün ABŞ qüvvələrinin yerləşdirilməsi imkanını da müzakirə edib. Lakin ekspertlər belə bir tapşırığın hətta ABŞ-ın xüsusi təyinatlı qüvvələri üçün belə son dərəcə çətin və riskli olacağını bildirirlər.

Qeyd olunur ki, əlavə qüvvələrin göndərilməsi ilə bağlı müzakirələr gələn həftə Yaxın Şərqə 2000-dən çox dəniz piyadasını əhatə edən dəniz ekspedisiya qrupunun göndərilməsi planından da kənara çıxır.

Digər tərəfdən, mənbələrdən biri ABŞ ordusunun müəyyən resurs itkisi ilə üzləşdiyini bildirib. Buna səbəb "USS Gerald R. Ford" aviadaşıyıcısının göyərtəsində baş verən yanğından sonra texniki xidmət üçün Yunanıstana göndərilməsi qərarıdır.

Xatırladaq ki, "Reuters" daha əvvəl yazmışdı ki, Tramp İrana hücumun ABŞ-ın Fars körfəzindəki müttəfiqlərinə zərbələrə səbəb ola biləcəyi və Tehranın iqtisadi baxımdan mühüm əhəmiyyət daşıyan Hörmüz boğazını bağlamağa cəhd edəcəyi barədə əvvəlcədən xəbərdar edilmişdi.

Bundan başqa, "The New York Times" qeyd edir ki, Tramp İrana qarşı müharibəyə aydın strategiya olmadan başlayıb və münaqişənin başlanmasından üç həftə keçməsinə baxmayaraq, İran rejimini devirmək üçün konkret plan hələ də görünmür.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »