Rotterdam şəhərində sinaqoqun yaxınlığında baş verən partlayış və yanğın hadisəsi ilə bağlı polis dörd nəfəri saxlayıb.
Bizimyol.info xəbər verir ki, hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, antisemit xarakterli insidentdən sonra digər sinaqoqların ətrafında təhlükəsizlik nəzarəti gücləndirilib. Nəzarət tədbirləri zamanı binalardan birinin yaxınlığında şübhəlilərdən birinin təsvirinə uyğun gələn şəxsin idarə etdiyi avtomobil saxlanılıb.
Polisin açıqlamasında bildirilir ki, saxlanılanların başqa bir sinaqoqu partlatmaq və ya yandırmaq planının olub-olmadığı hələlik məlum deyil.
Məlumata əsasən, saxlanılanlardan ikisinin 19 yaşı var, biri 18, digəri isə 17 yaşındadır. Onların motivləri araşdırılır.
Yerli hakimiyyət orqanları hadisə ilə bağlı genişmiqyaslı istintaqa başlanılmasını istəyib və hadisənin şahidlərini polisə ifadə verməyə çağırıblar.
Hollandiyanın ədliyyə naziri David van Uiel hadisəni "dəhşətli xəbər" adlandırıb.
"Biz antisemitizmə, hədə-qorxuya və ya zorakılığa dözməyəcəyik. Yerli hakimiyyət orqanları sinaqoqların təhlükəsizliyini təmin edir", - deyə o bildirib.
Mətbuat xəbər verir ki, 12 mart gecəsi Rotterdamdakı sinaqoqda yanğın baş verib. Xəsarət alan olmayıb, lakin binaya maddi ziyan dəyib. Hadisə müxtəlif ölkələrdə yəhudi dini yerlərinə edilən bir sıra hücumlar fonunda baş verib.
Qadir, Bizimyol.info






