Bəzən bir hadisənin siyasi tərəfi nə qədər müzakirə olunsa da, onun insani tərəfi hər şeydən daha ağır gəlir. Naxçıvanda baş verdiyi bildirilən son insident də məhz belədir. Məlumatlara görə, İran ərazisindən uçan pilotsuz uçuş aparatlarından biri Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yerləşən Şəkərabad kəndində tam orta məktəbin yaxınlığına düşərək partlayıb.
Hadisənin yayılan videogörüntülərində məktəbli uşaqların qorxu içində qışqırıq səsləri eşidilir. Bəlkə də bu insidentlə bağlı ən ağır məqam məhz budur. Çünki siyasətçilər bəyanat verə bilər, diplomatlar izahat istəyə bilər, amma qorxudan titrəyən uşaqların yaddaşında qalan o anları heç kim geri qaytara bilməz.
- Diplomatik cavablar əlbəttə vacibdir. Lakin məktəb həyətinin yaxınlığında partlayış yaşayan uşaqlar üçün sadəcə bir üzr yetərli olacaqmı?
Azərbaycan xalqı uzun illər müharibə ağrılarını yaşayıb. Xüsusilə, İkinci Qarabağ müharibəsindən çıxmış bir ölkə üçün təhlükəsizlik və sabitlik ən həssas mövzulardan biridir. Bu müharibənin ağrısını yaşamış cəmiyyət üçün ən böyük arzulardan biri uşaqların artıq sülh və təhlükəsizlik içində böyüməsi idi.
- Bəs onda niyə həmin uşaqlar yenidən partlayış səsini eşitməli idilər?
Azərbaycan illərlə Ermənistan kimi açıq düşmənlə mübarizə aparıb. Ermənistan ilə qarşıdurmalar, müharibələr, itkilər bütün bunlar artıq tarixə çevrilməli idi. Yeni nəsil qorxu yox, sabitlik görməli idi. Lakin indi başqa bir istiqamətdən gələn təhlükə hissi insanlarda haqlı narahatlıq yaradır. Əgər bu hadisə həqiqətən də qonşu ölkənin ərazisindən qalxmış PUA ilə bağlıdırsa, bu, sadəcə texniki və ya hərbi məsələ deyil. Bu, həm də böyük məsuliyyət məsələsidir. Çünki bir məktəbin yaxınlığında baş verən partlayış artıq siyasətin sərhədini aşır və insan talelərinə toxunur.
Qonşuluq münasibətləri qarşılıqlı hörmət və həssaslıq tələb edir. Xüsusilə də söhbət uşaqlardan gedirsə. Onların qışqırığı heç bir siyasi izahın arxasında itib getməməlidir. Çünki bir xalqın gələcəyi olan uşaqların qorxusu heç vaxt adi bir “insident” kimi qəbul edilə bilməz.
Müharibədən çıxmış bir ölkənin körpələri niyə yenidən belə bir dəhşəti yaşamalı idi?
Leyla Mirzə, Bizimyol.info






