Separatçı terrorçu qruplar müharibə şəraitindən istifadə edərək ölkənin qərb sərhədlərindən sızmağa və şəhər, eləcə də sərhəd ərazilərində hücumlar təşkil etməyə cəhd edirlər. Iran International xəbər verir ki, bu məlumat İran Kəşfiyyat Nazirliyinə istinadən yayımlanıb. Agentlik bildirir ki, Kəşfiyyat Nazirliyi və İslam İnqilabı Keşikçiləri Korpusu birgə qabaqlayıcı əməliyyat həyata keçirərək qrupların mövqelərinin və resurslarının əhəmiyyətli hissəsini məhv edib. Əməliyyat nəticəsində ağır itkilərin olduğu qeyd olunur.
- İrana qarşı quru əməliyyatları sadəcə separatçı və xüsusi qruplaşmış dəstələr tərəfindən ediləcək?
Politoloq Zeynal Əmrəliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, buradakı əsas məsələ təkcə İrandakı qrupların dəstəklənməsi deyil, eyni zamanda müxtəlif desant qüvvələri də ABŞ və İsrail tərəfindən İrana yeridilə bilər: “Bundan əvvəl də məlum olduğu kimi, ABŞ və İsrailin təcrübəsində bu kimi hallar olub ki, dəfələrlə müxtəlif desant qruplarını əməliyyat keçirdikləri ölkələrə göndəriblər. Yəni burda təkcə həmin qrupların dəstəklənməsi deyil, qruplar da təbii ki, onlar tərəfindən dəstəklənə bilər. Müxtəlif qruplar var. Məsələn; ölkə daxilində fəaliyyət göstərən İranın öz daxilində fəaliyyət göstərən qruplar var və eyni zamanda İraq ərazisində indiki İran rejiminə kifayət qədər müxtəlif qruplar var ki, onlar məhz bu yoldan istifadə edilə bilər. Hətta məlumatlar da yayılıb ki, məhz İraq ərazisində fəaliyyət göstərən bəzi qruplar, məsələn, İrana qarşı ərazi iddiaları olan qruplar məhz İran ərazisinə keçid edərək burada müəyyən əməliyyatları icra edirlər. Yəni bu kimi hallar ola bilər”.
Zeynal ƏmrəliyevZeynal Əmrəliyev qeyd edib ki, hazırda ABŞ və İsrailin ümumiyyətlə İrana qarşı başlatdığı əməliyyat bir neçə istiqamətdə gedir, yəni təkcə birbaşa İrana hava zərbələrinin endirilməsinə hesablanmış əməliyyat deyil. Politoloqun fikrincə, bir neçə istiqamətdən ABŞ və İsrail İrana qarşı əməliyyatlar aparılır: “Bunlar həm də deyildiyi kimi, müxtəlif qrupların dəstəklənməsi və onların İran ərazisinə sızdırılması, eyni zamanda müəyyən dərəcədə bəzi qurumların fəaliyyətini göstərməsi və müəyyən desant qüvvələrinin dəstəklənməsinə hesablanmış addımdır”.
İradə Cəlil, Bizimyol.info






