Bakının mərkəzində - Axundov bağının yaxınlığında “Pilot Residence” Mənzil Tikinti Kooperativinin inşa etdiyi binada yaşayan sakinlər illərdir ki, bu şirkətdən müxtəlif dövlət orqanlarına, məhkəmələrə şikayət edir. Şirkətlə bina sakinləri arasında təkcə məhkəmə prosesləri üç ildir ki, davam edir.
Bizimyol.info xəbər verir ki, bu bina Səbail rayonu Rostropoviçlər küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşir. 2017-ci ildə “Pilot Residence” şirkəti Rostropoviçlər küçəsi ev 9-11 və Nizami küçəsi küçəsi ev 4 ünvanlarındakı köhnə evləri söküb, onların yerində yeni hündürmərtəbəli binanın tikilməsi barədə öhdəlik götürüb. Bu tikinti Səbail Rayon İcra Hakimiyyətinin 2 iyun 2017 il tarixli 3/10-497 saylı sərəncamı ilə təsdiqlənmiş pilot layihə əsasında həyata keçirilib.
Ərazidə yaşayan sakinlərə 167 mənzildən ibarət 12 mərtəbəli yaşayış binasının iki ilə təhvil veriləcəyi vəd olunub. Sakinlərlə şirkət arasında əvvəlki narazılıqlar da bununla bağlı olub. Binanın təhvil verilməsi 4-5 il çəkib.
Daha sonra başqa problemlər ortaya çıxıb. Sakinlər şikayətlənib ki, “Pilot Residence” binada layihədən kənara çıxıb, dövlət orqanları ilə razılaşdırılmamış şəkildə əlavə tikintilər həyata keçirib. Onlar bildirir ki, bu, təhlükəsizlik qaydalarının pozulması, orada yaşayanların həyatını risk altına atmaqdır. Digər tərəfdən isə sakinlərin hərəkətinə ciddi maneə yaranır: “Binanın 5-ci blokunun qarşısında təxminən 850 kvadrat metrlik ərazidə qanunsuz tikinti aparılıb. Həmin tikili dövlət orqanları tərəfindən təsdiqlənmiş layihədə göstərilmib. Faktiki onu heç bir rəsmi icazə sənədi olmadan inşa ediblər. Yəni qanunsuz tikilidir. Onu böyük marketlərdən birinə icarəyə veriblər. Biz etiraz edəndə deyirlər ki, yaxınlıqda supermarket olması pisdir? Məsələ burasındadır ki, o tikili bina sakinlərinin hərəkətinə mane olur. Həyətdən normal şəkildə istifadə edə bilmirik. Yaxud 3-cü blokunun girişinin sağ tərəfində 2 mərtəbəni əhatə edən qanunsuz dəmir tikili inşa olunaraq, qeyri-yaşayış obyekti kimi satılıb”.
Sakinlərin sözlərinə görə, zəlzələ, yanğın və s. fövqəladə hallarda insanların təxliyyəsi üçün pilləkənlər olmalıdır. Amma ilk üç mərtəbədə pilləkənlər yoxdur: “İnsanların təhlükəsizliyi bunların vecinə deyil.Özlərinə deyəndə cavabları bilirsiniz nə olur? Deyirlər ki, bu bina çox keyfiyyətlidir, burada heç bir pis hadisə ola bilməz. Anlamırlar ki, dünyada heç bir yer zəlzələdən sığortalanmayıb. Yaxud kiminsə səhlənkarlığından yanğın baş verə bilər”.
Sakinlər Ədliyyə naziri Fərid Əhmədova, Baş prokuror Kamran Əliyevə, Ombudsman Səbinə Əliyeva və digər səlahiyyətli şəxslərə şikayət məktubları göndəriblər. Daha sonra şirkətlə aralarındakı mübahisələrin həlli üçün məhkəməyə müraciət ediblər. “Pilot Residence” MTK-nın götürdüyü öhdəliklərdən yayınması və fəaliyyətindəki ciddi qanunsuzluqlar, o cümlədən mənzillərin sahələrindəki itkilərlə bağlı Səbail Rayon Məhkəməsində şirkətə qarşı iddia qaldırıblar.
Ötən illər ərzində sakinlərlə tikinti şirkəti arasındakı bu mübahisəni Səbail Rayon Məhkəməsindən əlavə, Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə də araşdırıb. Məhkəmə prosesinin gedişində ekspertiza təyin olunub. Ədliyyə Nazirliyinin tabeliyində olan Ekspertiza Mərkəzinin ekspertləri rəy verib. Rəy sakinlərin xeyrinə olub. Buna əsaslanan məhkəmə əlavə tikintiləri qanunsuz hesab edərək, onların sökülməsinə qərar verib.
Səbail Rayon Məhkəməsinin çıxardığı qətnamədən “Pilot Residence” narazı qalaraq, apellyasiya şikayəti versə də, apellyasiya məhkəməsi qərarı dəyişməyib. Şirkət daha sonra Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə işi təkrar araşdırma üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarıb. Bu dəfə məhkəmə heyəti mübahisə predmeti olan yaşayış binasına və həyətə yerində baxış keçirib, mənzərəni öz gözlərilə görüb.
Sakinlər bildirir ki, iş yenidən Ali Məhkəməyə gəlib və bu dəfə onların xeyrinə qərar çıxarılaraq, məsələyə yekun nöqtə qoyulub. Çünki ölkə daxilində Ali Məhkəmə şikayət üçün son məhkəmə instansiyasıdır.
Aytən, Bizimyol.info






