“Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının açılışında çıxışı zamanı vurğuladığı kimi Azərbaycan ordusu şəhidlərimizin qisasını layiqincə almışdır. Biz həm ədalətli müharibədə tam və mütləq qələbə qazandıq, həm öz ərazi bütövlüyümüzü və suverenliyimizi hər qarış torpağı azad edərək özümüz təmin etdik və müharibə cinayətkarlarını məhkəmə qarşısına çıxartdıq. Ali baş komandanın rəhbərliyi ilə bunu bacardıq”.
Bu barədə Bizimyol.info xəbər portalına açıqlamasında deputat Vüqar İskəndərov danışıb: “Çox təəssüflər olsun ki, dünya ölkələri hələ də Xocalı soyqırımının tanınmasına biganə yanaşır. Bir gecə içində 600-dən çox günahsız mülki şəxs, onlardan 106-sı qadın, 63-ü uşaq erməni faşistləri tərəfindən qəddarcasına qətlə yetirilmiş, 150 nəfər itkin düşmüşdür. Bu reallığı qəbul etmək istəməyən ölkələr əlbəttə ki məsələlərə ikili standartlarla yanaşanlardır. Ancaq bu dəhşətli faciəni dünyada tanıtmaq üçün Azərbaycanda müxtəlif QHT-lər, ictimai fəallar, dövlət qurumları daim aktiv fəaliyyətdədirlər. Bu yolda Heydər Əliyev Fondunun fəaliyyətini xüsusilə vurğulamaq lazımdır. “Xocalıya ədalət!” genişmiqyaslı hərəkatı Fondun vitse-prezidenti Leyla Əliyeva tərəfindən həyata keçirilir. Son 20 il ərzində onun təşəbbüsü ilə dünyanın bir çox ölkələrində bir çox tədbirlər, təqdimatlar, simpoziumlar, konfranslar keçirilmiş, kitablar, broşürlər, bukletlər dərc edilmişdir. Görünən odur ki, Ermənistan dövləti, dünya erməniliyi və dünya erməniliyinin, Ermənistan dövlətinin arxasında duran dövlətlər bu qanlı faciəni ört-basdır etməyə çalışırlar”.
Vüqar İskəndərov“Biz Xocalı faciəsinin dünyada tam olaraq tanınmasına nail olacağıq. Bu mərhələyə addım-addım yaxınlaşırıq. Cənab Prezidentin qeyd etdiyi kimi 20-yə yaxın ölkənin Xocalı soyqırımını rəsmən tanıması birinci addım idi, Vətən müharibəsi və şanlı Zəfərimiz ikinci addım idi, Xocalı şəhərinin iki il yarım bundan əvvəl azad edilməsi isə son addımlardan biri idi. Nəhayət, axırıncı addım bu yaxınlarda müharibə cinayətkarlarına qarşı Bakıda keçirilmiş məhkəmə prosesi idi. Xocalı soyqırımını törətmiş, əli Azərbaycan xalqının qanına batmış quldurlar məhkəmə qarşısında cavab verməli oldular”-deyə Vüqar İskəndərov qeyd edib.
İradə Cəlil, Bizimyol.info






