Fransa ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi əməliyyat barədə əvvəlcədən xəbərdar edilməyib və bu prosesdə iştirak etməyib.
Bizimyol.info xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Macron müdafiə şurasının iclasında bildirib.
“ABŞ və İsrail İrana zərbələr endirməyə qərar verdilər. Fransa xəbərdar edilməyib və əməliyyata cəlb olunmayıb, həmçinin bölgə ölkələri və müttəfiqlərimiz də iştirak etməyib”, - deyə Makron bildirib.
Fransız lider əlavə edib ki, o, həmçinin zərbə alan ölkələrin nümayəndələri ilə telefon danışığı aparıb, lakin hansı dövlətlərin nəzərdə tutulduğunu açıqlamayıb.
Makron vurğulayıb ki, bu münaqişə yalnız diplomatik vasitələrlə həll olunmalıdır: “Heç kim düşünə bilməz ki, İranın nüvə proqramı, ballistik raket fəaliyyəti və regionun sabitliyinin pozulması yalnız zərbələrlə həll oluna bilər. Biz bütün mümkün təşəbbüsləri irəli sürməliyik ki, problemlər diplomatik yolla həll olunsun”, - deyə bildirib.
ABŞ və İsrail şənbə günü İrana qarşı hərbi əməliyyatlara başlayıb. Əməliyyat zamanı Tehran da daxil olmaqla İranın iri şəhərləri hədəfə alınıb. Ağ Ev hücumu İran tərəfindən raket və nüvə təhdidləri ilə izah edib. İranın İnqilab Keşikçiləri Korpusu isə genişmiqyaslı cavab əməliyyatına hazır olduqlarını açıqlayıb. Raket və pilotsuz uçuş aparatları zərbələrinin atıldığı bildirilir, Təl-Əviv ətrafında isə hava həyəcan siqnalları səsləndirilib.
Qadir, Bizimyol.info






