Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sevgi defisiti və böyüməkdə olan aqressiya
Sevgi defisiti və böyüməkdə olan aqressiya

İkinci Dünya Müharibəsinin sonunda konslagerdə salamat qalmış Niderlandlı həkim, alim Frans Veldman bildirdi: körpələr və uşaqlar sevgi qıtlığı çəkir, dünyada ona görə bu qədər aqressiya var. Veldman demişdi ki, atalar ya işdədir, ya müharibədə, ona görə də öz övladları ilə nadir hallarda məşğuldurllar; az ünsiyyət saxlayırlar. Alim deyirdi, hətta körpə hələ doğulmamışdan əvvəl ata hamilə qadınının qarın nahiyəsini sığallayanda övladı bu sevgi siqnallarını alır, hətta reaksiya da verir. Atanın bu ilkin sevgi toxunuşlarına elm ad da qoyub: avtoponiya!

Körpələrə, uşaqlara ilkin - başdan sevgi eynilə analara da aiddir. XlX əsrin sonlarına qədər Qərbdə analar öz körpələrini "süd analara", dayələrə buraxırdılar. Nəticədə uşaq ölümü dəhşətli dərəcədə artmışdı. Hökumətlər anladılar ki, ölkələrin gələcəyi təhlükədədir.

Doyunca qidalana bilməyən, ana-ata qayğısını tam anlamda ala bilməyən, pis rəftarla üzləşən, həyatın bu amansız sınaqlarından nisbi salamat çıxan uşaqlar travmalarla böyüyürdü. XX əsrin əvvəlində vəziyyət dəyişdi; artıq analar öz övladlarına dönməyə başladı: "analıq instinkti" anlayışı dəbə mindi...

Ancaq və lakin. Yüzillər boyu körpəlikdə, uşaqlıq çağlarında sevgi defisitindən əziyyət çəkmiş nəsillər öz aqresiyasını özündən sonra gələnlərə ötürdü. Nəticə: iki dünya müharibəsi! Və hələ də davam edən üçüncüsü...

Daha əvvəl də yazmışdım: insan körpəlikdə və uşaqlıq çağlarında aldığı psixi travmaları, sevgisizliyi həyata borclu qalmaq istəmir.

İnsanlar pulun arxasınca o qədər sürətlə qaçır ki, arxasınca gələn nəsillərin əlində kitab var, ya bıcaq - vaxtında görə bilmir. Vaxtında dayanıb, heç olmasa, ara-sıra geri qanrılıb, özündən sonrakını sevməyə vaxt ayırsa, xələflərin əlində gül çələngi görər, ov tüfəngi deyil.

Baş verənlərə "ehtiyatsızlıqdan törədilmiş hadisələr" deyib keçirik, amma... bilirsiniz, hamılıqla öz övladlarımızı potensial qatilə çeviririk. Elliklə yol verdiyimiz "ehtiyatsızlıqdan".

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »