Təsəvvür elə: hipermarketin rahatxanasında oturmusan və... vətənpərvərlik mahnıları dinləməyə məcbursan.
Bu cür iri alış-veriş mərkəzlərində mərkəzləşdirilmiş istilik sistemi, mərkəzləşdirilmiş soyutma sistemi, mərkəzləşdirilmiş havalandırma sistemi olduğu kimi, bir də mərkəzləşdirilmiş musiqisəsləndirmə sistemi var.
Daha doğrusu, hipermarketin öz radioqovşağıdır; dayanmadan, nəfəs dərmədən, aramadan, bezmədən-usanmadan və... UTANMADAN reklamlar, ticari xəbərlər, anonslar, tanıtım bildirişləri və... mahnılar verir. Bayram günlərində isə ucdantutma vətənpərvərlik mahnıları səsləndirirlər. Popstarların boğazdanyuxarı pafoslu ifası qulaqları deşir, naşı xanəndələr qonorar umacaqlı zil boğazlar edir, fəxri ad həsrəti ilə uzun-uzadı zəngulələr vururlar.
Nədənsə bu lokal vokal - növbətçi vətənpərvərlik çığır-bağırı mənə çatmır da!
Bəlkə heç vətənpərvər olmaq lazım deyil! Bəlkə elə, sadəcə və sadəcə vətəndaş olmaq lazımdır. Sadə Vətəndaş - sadə Vətənin sadə daşı! Adam vətəndaş olanda, həm də vətənpərvər olur; psevdopatriotik pafos üfürməyə də ehtiyac qalmır.
"Nura bələnibdir Vətən torpağı" deyəndə axı nə olur da, nə?! Vətən bundan nə qazanır, vətəndaş nə qazanır?! Ümumi Daxili Məhsulda qeyri-neft sektorunun payı artır, yoxsa tükənməyə doğru gedən neft hasilatının maya dəyəri düşür?! Bəlkə ət və ət məhsulları, süd və süd məhsulları ucuzlaşır?! Millətin həyatında, şüurunda nə dəyişir?!
Heç nə!
Belə baxanda, hərəmizin əlimizdən az-çox bir iş gəlir, hərəmiz bir sənətdə, ya bir peşədə nəsə öyrənmişik, bilirik. Alaçiy, yarı-yarımçıq, lap başdansovdu da olsa, nə isə bir şeylər etməyə çalışırıq. Lap elə hərdən yola veririk, şapalaqla üz qızardırıq, gözə kül üfürürük, ya da gözdən pərdə asırıq... Bir sözlə, nəsə azdan-çoxdan bir iş görürük də. Ancaq Vətəni sevməyə gələndə, hə, burda Qəribi bir az "yaş boğur": biz Vətəni sevməyi heç bacarmırıq ki! Ümumiyyətlə, deyəsən, sevmək əlimizdən (dilimizdən) gəlmir.
Doğrudan da, deyilən doğruymuş: kişilər mədəsi ilə, qadınlar qulağı ilə sevir. Amma nə milli iqtisadiyyatımız kişilərin mədəsini məmnun edə bilir, nə də sevgi ədəbiyyatımız qadınların qulağını oxşamağa qadirdir.
Bəli, vətəni sevməyi bacarmırıq. Çünki bunu öyrənmədik. İndi ordudan, əsgərdən başqa vətəni doğru-düzgün sevən, deyəsən, ya yoxdur, ya da yox dərəcəsində azdır. Əksərən "vətənşüvənlik"dir. Elə bilirik, Vətəni sevmək onu tərifləməkdir, rəhbərə rəğbət isə guya ona yalnız yarınmaqla ifadə olunasıdır.
Pasiyenti əməliyyat masasına uzadıb xəstə yaxınından pul gözləyən həkim də "vətənpərvərdir" indi. Uşaqların əlinə baxan müəllim də. Sahibkarın "dərisini soyan" vergi işçisini heç demirəm...
İnsanpərvər olmaq lazımdır, qardaş, insanpərvər. Yəni insan olmaq!
Bu Vətəni rahat buraxın, siz Allah! İnsan haqları deyilən anlayış var. İnsan haqlarını pozana, ya da buna susana vətənpərvər deməyin. Necə ola bilər ki, Vətəni sevəsən, amma vətəndaşa zülm edəsən?! Ya da bu, sənin tükünü də tərpətmirsə, necə vətənpərvərsən?! Bu, mümkün deyil axı, ay dədə!
İndi də durub deyirik, Güneylilər qopub bizə birləşsin. Biz özümüz öz aramızda birləşək, qalsın Güneyin hardansa qopub harasa birləşməsi. O Güneyli deyir: "Mən dünyada neft ehtiyatlarına görə ikinci yerdə olan ölkənin vətəndaşıyam, bu ölkə mənimdir, niyə qopub getməliyəm?!"
Düz deyir, səhv deyir, o ayrı. Nə isə. Söhbət bundan getmir.
Supermarketlərdən ricam var: nə olar, barı siz etməyin. Vallah, ehtiyac yoxdur. Yeri də yoxdur!
Tərəzidə aldadırsan, çəkidə kəsirsən, qiymətlər kəllə-çarxda, vaxtı keçmiş malların üstünə təzə tarix vurub camaata sırıyırsan, içində ət də olan kolbasanı "halal" deyə satırsan... və ardınca da "Vətən, millət, Sakarya"...
Etməyin, eləməyin, ey böyük marketlər. Narahat olmayın, onsuz da hamınız "super"siniz. Hətta bəzən lap "hiper" olursunuz...





Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi

