Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İspaniyada ilk dəfə evtanaziya seçmiş donordan üz köçürüldü
İspaniyada ilk dəfə evtanaziya seçmiş donordan üz köçürüldü

Barselonadakı “Val d’Ebron” xəstəxanası üz köçürülməsi üzrə unikal əməliyyat həyata keçirildiyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, dünyada ilk dəfə olaraq donor evtanaziya prosedurundan əvvəl könüllü şəkildə üzünü bağışlamağa razılıq verib.

Bu əməliyyat transplantologiya sahəsində indiyədək həyata keçirilmiş ən mürəkkəb müdaxilələrdən biri hesab olunur. Prosesdə cərrahlar, psixiatrlar və immunoloqlar daxil olmaqla təxminən 100 mütəxəssis iştirak edib. Pasiyentə üzün mərkəzi hissəsinin kompleks toxumaları köçürülüb.

Transplantasiya üzrə koordinator Elizabet Navas donorun qərarının yüksək şüurluluqla verildiyini vurğulayıb.

“Həyatına son qoymaq qərarı verən insan son arzularından birini tanımadığı bir şəxsə həsr edir və ona bu qədər böyük bir ikinci şans bəxş edir”, – deyə o bildirib.

Transplantasiyanın həyata keçirildiyi şəxs Karme adlı qadın olub. O, həşərat dişləməsindən sonra yaranan bakterial infeksiya nəticəsində üz toxumalarının ağır nekrozu ilə üzləşmişdi. Xəstəlik onun normal danışmaq, yemək və görmək imkanlarını əlindən almışdı. Pasiyentin sözlərinə görə, sağalma prosesi uğurla davam edir.

“Evdə güzgüyə baxanda hiss edirəm ki, getdikcə yenidən özümə daha çox oxşamağa başlayıram”, – deyə Karme bildirib.

Xəstəxanada qeyd olunub ki, üz transplantasiyası zamanı donor və resipiyent eyni cinsdən olmalı, qan qrupları uyğun gəlməli və anatomik göstəriciləri oxşar olmalıdır.

İspaniya orqan transplantasiyası sahəsində dünya liderlərindən biri olaraq qalır. Ölkədə evtanaziya 2021-ci ildə leqallaşdırılıb. Rəsmi məlumatlara görə, 2024-cü ildə bu prosedura 426 nəfər müraciət edib.

“Val d’Ebron” xəstəxanası İspaniyada həyata keçirilən bütün üz köçürmə əməliyyatlarının yarısını icra edib və 2010-cu ildə dünyada ilk tam üz transplantasiyasını məhz bu tibb müəssisəsi həyata keçirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »